İQTİSADİYYAT
Vergi mükəlləfiyyətinin dəyişdirilməsi zamanı hansı məsələlərə diqqət yetirilməlidir?
Bakı, 2 avqust, AZƏRTAC
Vergiödəyicilərini maraqlandıran məsələlərdən biri də sadələşdirilmiş vergiödəyicisinin digər vergilərin ödəyicisi mükəlləfiyyətinə keçməsidir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu sərbəst auditor Altay Cəfərov şərh edib.
Onun sözlərinə görə, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsasən, sadələşdirilmiş vergiödəyiciləri (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergiödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim etməlidir: “Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergiödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergiödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə vergi orqanı vergiödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergiödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir”.
Bununla yanaşı, A.Cəfərov bəzi məqamlara da diqqət yetirməyin zəruriliyini söyləyib. Belə ki, öncə vergiödəyicisinin cari vergi ilində sadələşdirilmiş vergiödəyicisi olmaq hüququnun olması tələb olunur, 218.4-cü maddənin əhatə etdiyi şəxslər istisna edilir, sadələşdirilmiş vergidən digər vergi mükəlləfiyyətinə keçmək məsələsi cari ilin aprel ayına kimi yekunlaşmalıdır: bunun üçün vergi orqanına ya birinci rüb üçün sadələşdirilmiş vergi bəyannaməsi ya da yazılı məktub göndərilməlidir və ən nəhayət, məktub göndəriləcəyi təqdirdə, məktubda 218.1-ci maddədəki hüquqlardan istifadə edilməyəcəyi bildirilməlidir.
Vergi Məcəlləsinin 218.2-ci maddəsinin əsas tələblərindən biri budur ki, həmin gəlir və ya mənfəət vergisi ödəyicisi məktub yazmalı və ya birinci rübə aid sadələşdirilmiş vergi bəyannaməsini göndərməlidir ki, cari ilin əvvəlindən onun sadələşdirilmiş vergiödəyicisi mükəlləfiyyəti yaransın.
Eyni zamanda, sadələşdirilmiş vergiödəyicisindən mənfəət və ya gəlir vergisi ödəyicisinə keçiləndə, Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, rüblük cari vergi arayışları təqdim edilməlidir, əks halda, vergi orqanı analoji hesablamalar apara bilər.