İQTİSADİYYAT
Vergi qanunvericiliyinin pozulması hallarının qarşısı alınır
Bakı, 8 dekabr (AZƏRTAC). Noyabr ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 2705 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür.
Nağd hesablaşmaların aparılması qaydalarının pozulmasına aid 1745, qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsi və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsinə aid 178 fakt aşkarlanmışdır.
Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 140 vergi ödəyicisi aşkar olunmuş, 348 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olması faktları müəyyən edilmişdir.
Vergi orqanlarının həyata keçirdiyi operativ nəzarət tədbirləri zamanı 235 vergi ödəyicisi tərəfindən 443 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 91 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları üzə çıxmışdır.
Operativ nəzarət tədbirləri zamanı aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar 1 milyon 87 min 505,98 manat məbləğində maliyyə sanksiyası və inzibati cərimə tətbiq edilmişdir.