İQTİSADİYYAT
Vergidən yayınan taksi sürücüləri və yük daşıyan fiziki şəxslər cəzalandırılır
Tovuz, 11 oktyabr (AZƏRTAC). Nəqliyyat Nazirliyinin “Avtonəqliyyatservis” departamentinin 11 saylı “Regional Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətindən (MMC) AZƏRTAC-a bildirmişlər ki, kollektiv Tovuz, Ağstafa və Qazax rayonlarında nəqliyyat xidməti göstərən şəxslərdən sərnişin və yük daşınmalarına görə ödənilən vergilərə nəzarəti gücləndirir.
Cari ilin yanvar-sentyabrında müəssisə tərəfindən nəqliyyat xidməti göstərən 6044 minik və yük maşını qeydiyyata alınmış və onlara fərqlənmə nişanı verilmişdir. Bu nəqliyyat vasitələri tərəfindən sərnişin və yük daşınmasına görə büdcəyə 80 min 131 manat vəsait ödənilmişdir.
MMC-nin əsas problemi taksi və yük daşıyan fiziki şəxslərin vergidən yayınmağa cəhd göstərmələridir. Bu ilin doqquz ayı ərzində 938 ədəd vergidən yayınan nəqliyyat vasitələrinin sahiblərinə cərimə aktı tərtib olunaraq 14 saylı Ərazi Vergilər İdarəsinə göndərilmişdir. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir.