İQTİSADİYYAT
Vergilər Nazirliyi nağdsız hesablaşmaların genişləndirilməsi ilə bağlı birgə fəaliyyəti gücləndirir
Bakı, 23 aprel (AZƏRTAC). Vergilər Nazirliyində pos-terminal və nəzarət kassa aparatlarının tətbiqinə və istifadəsinə nəzarətin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə yaradılmış xüsusi Qərargahın növbəti iclası keçirilmişdir. Toplantıda Vergilər, İqtisadi İnkişaf və Nəqliyyat nazirliklərinin nümayəndələri iştirak etmişlər.
Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri, baş vergi xidməti müşaviri İlqar Əhmədov ölkəmizdə nağdsız ödəmələrin genişləndirilməsi, infrastrukturun yaradılması istiqamətində Prezident İlham Əliyevin müvafiq strukturlar qarşısında müəyyənləşdirdiyi vəzifələr barədə danışmışdır. İ.Əhmədov bu tapşırıqlara uyğun olaraq Qərargah tərəfindən nağdsız hesablaşmaların stimullaşdırılması istiqamətində görülən işlər barədə məlumat vermiş, Bakı şəhəri üzrə proseslər xəritəsinin hazırlandığını, paytaxtın 11 rayonunun 60 sahəyə ayrıldığını, hər sahə üzrə 2 işçi qrupunun müəyyən olunduğunu və onlara müvafiq treninqlərin keçirildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, əhali ilə nağdsız hesablaşmaların aparılması istiqamətində görülən işlərin qısa müddət ərzində başa çatdırılması məqsədi ilə bu işə əlavə qüvvələr cəlb edilmişdir. Pos-terminalların quraşdırılması ilə bağlı Vergilər Nazirliyinə həvalə olunmuş qeydiyyat məsələlərinin ən qısa zamanda həlli məqsədi ilə də bütün zəruri işlər görülmüşdür.
Hazırda respublikamızın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində, tibb xidməti göstərən, əczaçılıq mallarının satışı ilə məşğul olan obyektlərdə və digər sahələrdə pos-terminalların quraşdırılması təmin edilir. Respublika üzrə 20 min 138 obyektdə 22 min 611 pos-terminal aktiv fəaliyyət göstərir ki, bunun da 93,6 faizi Bakı şəhərinin ərazisindədir.
Toplantı iştirakçıları nağdsız ödəmələrin aparılması üçün infrastrukturun qurulması prosesinin əhali arasında maarifləndirmə aparılması ilə paralel şəkildə getməsinin zəruriliyini də vurğulamışlar. Pos-terminalların tam işləməsini təmin etmək məqsədi ilə Bakı şəhəri ərazisində monitorinqlər keçirilir. Bu monitorinqlər zamanı aşkar edilmiş texniki problemlər aradan qaldırılır, vergi ödəyiciləri arasında maarifləndirmə tədbirləri gücləndirilir.