SİYASƏT
VYANADA BMT QADINLAR GİLDİYASININ QRANTLARININ TƏQDİMATI KEÇİRİLMİŞDİR QRANT ALAN ÖLKƏLƏR ARASINDA AZƏRBAYCAN DA VARDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 17-də BMT-nin Vyana bölməsində BMT Qadınlar Gildiyasının (UNWG) növbəti qrantlarının təqdimatı keçirilmişdir.
Mərasimdə dünyanın müxtəlif bölgələrində həyata keçiriləcək yardım layihələri üçün cari ildə müxtəlif xeyriyyə tədbirlərindən toplanmış 250 min avrodan artıq vəsait 43 yardım layihəsi üzrə qrantlar şəklində təqdim edilmişdir. Azərbaycan bu il də qrant ayrılan ölkələr sırasında olmuşdur. Azərbaycan Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası üçün ayrılmış qrantı BMT Qadınlar Gildiyasının azərbaycanlı üzvü, Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovun həyat yoldaşı Leyla Qasımova qəbul etmişdir. Vəsait kənd yerlərində yaşayan uşaqların diş müalicəsi üçün mobil tibbi avadanlığın alınmasına sərf ediləcəkdir.
Əsası 1967-ci ildə qoyulmuş BMT Qadınlar Gildiyası bütün dünyada qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbirləri keçirir və yığılan vəsaiti qrant şəklində yardım layihələrinə sərf edir. Qurum hazırda dünyanın 90 ölkəsindən Vyanada fəaliyyət göstərən beynəlxalq təşkilatlarda çalışan 600 qadını özündə birləşdirir.