VYANADA MEYDANLARDAN BİRİNƏ MÜSƏLMAN DİPLOMATIN ADI VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Vyanada BMT-nin ofisi və bir sıra beynəlxalq təşkilatların qərargahlarının yerləşdiyi Vyana Beynəlxalq Mərkəzinin önündəki meydana görkəmli müsəlman diplomatı və mütəfəkkiri Məhəmməd Əsədin (1900-1992) adı verilmişdir.
Meydanın təntənəli açılış mərasimində Vyana şəhərinin mədəniyyət müşaviri doktor Andreas Maylat-Pokorni qeyd etmişdir ki, 2008-ci ilin Avropada mədəniyyətlərarası dialoq ili olmasını nəzərə alaraq, Avstriya hökuməti bütün həyatını dinlər arasında körpü yaratmağa həsr etmiş Məhəmməd Əsədin xatirəsini əbədiləşdirməyi özünə borc bilmişdir.
Məhəmməd Əsədin oğlu, Nyu-York Universitetinin professoru Talal Əsəd atasının xatirəsinə göstərilən böyük ehtirama görə təşəkkür etmiş, bunu dinlərə münasibət və tolerantlığa görə Avropada öncül yerlərdən birini tutan Vyana şəhərinin növbəti müsbət addımı kimi qiymətləndirmişdir.
1900-cu ildə Avstriya-Macarıstan imperiyasının tərkibində olan Qalisiya əyalətinin mərkəzi Lvov (Lemberq) şəhərində dünyaya gələn yəhudi əsilli Leopold Vays gənc yaşlarında Fələstində yaşayan qohumlarına baş çəkir, bu zaman islam dünyası və müsəlmanların həyatı ilə yaxından tanış olur. İslam dini ilə dərindən maraqlanan L.Vays 26 yaşında islamı qəbul edir və özünə Məhəmməd Əsəd adını verir. Məhəmməd Əsəd uzun illər Səudiyyə Ərəbistanının kralı İbn Səudun məsləhətçisi, 1949-52-ci illərdə isə Pakistanın BMT-də nümayəndəsi olmuş, hər iki ölkənin konstitusiyasının hazırlanmasında yaxından iştirak etmişdir.
Daim islahatlar tərəfdarı olan Məhəmməd Əsəd islam dünyagörüşü, hüquq və fəlsəfəsi haqqında çoxlu kitabın müəllifidir. Qurani-Kərimin Məhəmməd Əsəd tərəfindən ingilis dilinə izahlı tərcüməsi bütün dünyada standart kimi qəbul edilir.
Dünya səyahətçisi, tərcüməçi, diplomat, dinşünas, mütəfəkkir və politoloq Məhəmməd Əsəd dinlərarası dialoqun inkişaf etdirilməsinə, Qərb dünyasında İslam dini ilə bağlı obyektiv fikrin formalaşmasına verdiyi töhfələrə görə yüksək qiymətləndirilir.
######
