İQTİSADİYYAT
Vyetnamın neft-qaz sənayesinin inkişafında Azərbaycan neftçiləri mühüm rol oynamışlar
Bakı, 12 aprel (AZƏRTAC). Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin zəngin tarixi vardır. Vyetnamın neft-qaz sənayesinin inkişafında Azərbaycan neftçiləri mühüm rol oynamışlar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Vyetnam Sosialist Respublikası xarici işlər nazirinin müavini xanım Nquyen Fuonq Nqanın başçılıq etdiyi nümayəndə heyətini ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) keçirilən görüşdə səslənmişdir.
Xanım Nquyen Fuonq Nqa Azərbaycana birinci dəfə səfər etdiyini, lakin öz ölkəsində respublikamızın yaxşı tanındığını və sevildiyini bildirmişdir. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsindən sevindiklərini söyləyən qonaq daha sonra Vyetnamın enerji sektorunun inkişafına Azərbaycanın böyük töhfələr verdiyini xatırlatmış, Azərbaycan xalqına minnətdarlıq duyğularını ifadə etmişdir. Vyetnam diplomatı neft sənayesinin ölkələr arasında ikitərəfli münasibətlərin mühüm istiqamətini təşkil etdiyini nəzərə çatdırmış və bu sahədə ARDNŞ ilə “Vyetnam Oil and Gas Group” (“Petrovyetnam”) şirkəti arasında imzalanmış sənədlərin əhəmiyyətini vurğulamışdır.
ARDNŞ-nin dünya neftçıxarmasında böyük tarixə və zəngin təcrübəyə malik olduğunu söyləyən qonaq Vyetnam tərəfinin şirkətlə daha sıx, qarşılıqlı faydalı münasibətlərin qurulmasında, yaranmış əməkdaşlıq əlaqələrinin daha da genişlənməsində maraqlı olduğunu bildirmişdir. O, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevi “Petrovyetnam” şirkətinin istehsalat sahələri ilə yaxından tanış olmaq üçün Vyetnama dəvət etmişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.