MƏDƏNİYYƏT
Xaçmazda Azərbaycanda Belarus Mədəniyyəti Günləri çərçivəsində maraqlı konsert proqramı təqdim edilmişdir
Xaçmaz, 5 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyunun 4-dən 7-dək Azərbaycanda iki dövlət arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinə həsr olunmuş Belarus Respublikasının Mədəniyyəti Günləri keçirilir.
AZƏRTAC xəbər verir ki, iyunun 5-də mədəniyyət günlərinin proqramına uyğun olaraq geniş tərkibli Belarus nümayəndə heyəti Xaçmaza səfər etmişdir.
Xaçmaz şəhərinin girişində salınmış Çənlibel Parkında qonaqların təmtəraqlı qarşılanması mərasimi olmuşdur. Burada Belarus nümayəndə heyəti onlara təqdim olunan duz-çörəkdən və şərbətdən dadmış, yerli incəsənət nümayəndələrinin ifasında milli rəqslərdən ibarət kompozisiyalara tamaşa etmişlər.
Daha sonra qonaqlar ümummilli lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüş və Heydər Əliyev Mərkəzində olmuşlar.
Şəxsiyyətlər Muzeyinə baş çəkən nümayəndə heyətinə ərazidə aparılmış abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verilmişdir.
Qonaqlar akademik Zərifə Əliyevanın adını daşıyan məktəb-liseyin həyətində dünya şöhrətli oftalmoloqun abidəsini ziyarət etmiş, şəhərin görməli yerlərindən olan Heydər Əliyev Seyrəngahı ilə yaxından tanış olmuşlar.
Şəhərlə tanışlıqdan sonra Fəvvarələr bağında Belarus incəsənət nümayəndələrinin iştirakı ilə konsert təşkil olunmuşdur.
Konsert proqramının əvvəlində Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək iki xalq arasındakı dostluq münasibətlərindən söz açmışlar. Bildirilmişdir ki, ölkələrimiz mədəniyyət, iqtisadiyyat, təhsil və digər sahələrdə yüksək səviyyədə qarşılıqlı əməkdaşlıq edir və bu münasibətlər ildən–ilə daha da genişlənməkdədir.
Konsertdə Belarusun “Svyata” Dövlət xalq musiqi ansamblının, həmvətənimiz, Belarus Respublikası Prezidentinin İstedadlı gənclərə dəstək üzrə xüsusi Fondunun təqaüdçüsü, estrada müğənnisi Günəş Abbasovanın, bir çox nüfuzlu beynəlxalq müsabiqələrin laureatı bayançı Vladislav Pliqovkanın və digər tanınmış incəsənət ustalarının ifaları alqışlarla qarşılanmışdır.