REGİONLAR
Xaçmazda qabaqcıl tibb işçiləri fəxri fərmanla mükafatlandırılıb
![](/files/galleryphoto/2022/2/1200x630/1655466976591734245_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16554669765570635922_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16554669765837862300_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1655466976407365810_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16554669764241734360_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1655466976512059673_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1655466976438584203_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16554669766294747924_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16554669762348937501_1200x630.jpg)
Xaçmaz, 17 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonunun səhiyyə işçiləri ilə keçirilən görüşdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev tibb sahəsində çalışanları peşə bayramı günü münasibətilə təbrik edərək, onlara məsul və şərəfli peşələrində uğurlar arzulayıb.
Elnur Rzayev son illər Azərbaycanda səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi texnologiyaların tətbiqi, kadr hazırlığı sahəsində görülən işlər və qazanılan uğurlar barədə danışıb. Səhiyyənin inkişafında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı xüsusi vurğulanıb. Dünyanı cənginə alan koronavirusla mübarizədə əldə olunan uğurların məhz bu diqqətin və qayğının nəticəsi olduğu söylənilib.
Çıxış edən Xaçmaz Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru Səyyaf Tağıyev rayonda tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. 236 çarpayılıq xəstəxananın, habelə 24 həkim məntəqəsinin və 35 tibb məntəqəsinin fəaliyyət göstərdiyini, burada müxtəlif ixtisaslı 167 nəfər həkimin, 1348 nəfər tibb işçisinin çalışdığını bildirib.
Xaçmaz rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Bəxtiyar Haqverdiyev ölkəmizdə, eləcə də rayonda koronavirusla mübarizədə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışıb. Qeyd edib ki, mərkəzin əməkdaşları nəzərdə tutulan tədbirləri ardıcıl şəkildə davam etdirib. Tibbi personalın səyi nəticəsində yoluxma sayında ciddi azalmalar müşahidə olunub.
Tədbirdə bir qrup qabaqcıl tibb işçisi Xaçmaz Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.