MƏDƏNİYYƏT
XALQ ŞAİRİ RƏSUL RZANIN XATİRƏSİ ANILMIŞDIR
Bakı, 1 aprel (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin kollektivi, ziyalılar Fəxri xiyabana gələrək Xalq şairi, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, ictimai xadim Rəsul Rzanın vəfatının ildönümü ilə əlaqədar məzarını ziyarət etmiş, üzərinə tər güllər düzmüşlər.
Mərasimi Xalq şairi, Yazıçılar Birliyinin katibi Fikrət Qoca açaraq Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında Rəsul Rzanın xidmətlərindən danışmışdır. Rəsul Rzanın 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil aldığını, Azərbaycan Yazıçıları İttifaqının sədri, kinematoqrafiya naziri, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri, Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri kimi vəzifələrdə çalışdığını vurğulayan natiq onun çoxcəhətli fəaliyyətinin əhəmiyyətindən danışmışdır.
Əməkdar incəsənət xadimi Yusif Həsənbəy, tanınmış şair Ədalət Əsgəroğlu və başqaları Rəsul Rzanın ədəbiyyata novator şair kimi gəldiyindən, geniş auditoriyanın maraqla qarşıladığı əsərlərindən, «Bu gün» adlı ilk mətbu şeirindən başlayaraq bütün yaradıcılığı boyu davam edən original, cəsarətli fikirlərindən, eyni zamanda insan kimi bütövlüyündən, tərcüməçilik fəaliyyətindən, gənclərə diqqət və qayğısından söz açmış, onunla bağlı xatirələrini söyləmişlər.
Xalq yazıçısı Anar ailə üzvləri adından atasının xatirəsinə göstərdikləri ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.