REGİONLAR
Xalqımızın milli mentalitetində ağsaqqal sözü həmişə uca tutulub
Zaqatala, 8 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsi və məsləhəti xüsusi əhəmiyyət kəsb edir. Xalqımızın milli mentalitetində ağsaqqal, ağbirçək sözü həmişə uca tutulub. Gənclərin dövlətə, xalqa sədaqət ruhunda tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Zaqatala Rayon Ağsaqqallar Şurasının hesabat konfransında səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının, həmçinin hesabat dövründə vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransı rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, ölkənin, eləcə də Zaqatalanın ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb.
Sonra Zaqatala Rayon Ağsaqqallar Şurası sədrinin müavini Tahir Məmmədovun hesabat məruzəsi dinlənilib.
Məruzə ətrafında çıxışlar olub.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Qurumun rəsmisi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs edib, Zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin şanlı səhifələrindən biri olduğunu vurğulayıb.
Şuranın sədr müavini ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.