“Xalqın xidmətçisi” partiyası namizədlərin siyahısını açıqlayıb
Kiyev, 10 iyun, AZƏRTAC
Ukrayna Prezidenti Vladimir Zelenskinin təsis etdiyi “Xalqın xidmətçisi” partiyası bu gün keçirilən qurultayında növbədənkənar parlament seçkiləri üçün siyahını təqdim edib.
AZƏRTAC xəbər verir ki, qurultayda iştirak edən Zelenski parlament seçkilərində uğur qazanmaq üçün komanda şəklində mübarizə aparılmalı olduğunu vurğulayıb.
Siyahıda ilk 20-likdə tanınmışlar arasında partiyanın rəhbəri Dmitriy Razumkov, Prezidentin Ali Radadakı nümayəndəsi Ruslan Stefançuk, hüquqşünas İrina Venediktova, iş adamı David Araxamiya, antikorrupsiya məsələləri üzrə ekspert Qalina Yançenko, partiyanın seçki qərargahının rəhbəri Aleksandr Korninenko, “1+1” telekanalının rəhbəri Aleksandr Tkaçenko, idmançı Jan Belenyuk, təhsil məsələləri üzrə ekspert Sergey Babak da var.
D.Razumkov bildirib ki, jurnalistlər və ictimaiyyət nümayəndələri partiyanın namizədlərini dərindən təhlil edə bilərlər. Əgər onlar haqqında ciddi ittihamlar irəli sürülərsə, namizədlərin siyahısından çıxarılacaq.
Qeyd edək ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev