XARİCİ KANALLARIN ÖLKƏ ƏRAZİSİNDƏ YAYIMLANMASINA İCAZƏ VERİB-VERMƏMƏK AZƏRBAYCANIN SUVEREN HÜQUQUDUR
AZƏRTAC xəbər verir ki, yanvarın 18-də Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov jurnalistlərlə görüşmüşdür. O, Azərbaycan Milli Televiziya və Radio Şurasının Rusiya televiziyasının Birinci kanalı və “RTR Planeta” kanallarının ölkəmizdə metrlik diapazonda yayımlanmasını dayandırmaq barədə qərarını tam qanuni hesab etdiyini bildirmişdir.
Səfir demişdir: “Azərbaycan Rusiya tərəfinə müraciət edərək bildirmişdir ki, iki ölkə hökumətləri arasında 1995-ci ildə imzalanmış Rusiya teleradio yayım təşkilatları proqramlarının Azərbaycan ərazisində yayımlanması qaydaları və şərtləri haqqında sazişin 11-ci bəndinə əsasən 6 aydan sonra həmin sazişdən çıxır”.
V.İstartov vurğulamışdır ki, öz ərasində xarici kanalların yayımlanmasına icazə verib-verməmək Azərbaycanın suveren hüququdur.
Diplomat bunun iki ölkə arasında siyasi, iqtisadi və mədəni münasibətlərə heç bir təsir göstərməyəcəyini diqqətə çatdırmışdır.