İQTİSADİYYAT
Xelir-Valdor Seyeder: FAO-nun Bakı konfransı yüksək səviyyədə təşkil edilmişdir
![Xelir-Valdor Seyeder: FAO-nun Bakı konfransı yüksək səviyyədə təşkil edilmişdir](/files/2012/1/1200x630/14071442584720014252_1200x630.jpg)
Tallinn, 23 aprel (AZƏRTAC). Estoniya Respublikasının kənd təsərrüfatı naziri Xelir-Valdor Seyeder AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: FAO-nun Bakı konfransı yüksək səviyyədə təşkil edilmişdir. Estoniya naziri demişdir: “Belə hesab edirəm ki, BMT-nin Avropa üzrə ərzaq və kənd təsərrüfatı təşkilatının Bakıda keçirilmiş 28-ci regional konfransında qlobal məsələlər, ərzaq təhlükəsizliyi problemləri müzakirə olunmuş, FAO-nun fəaliyyətinin prioritetləri müəyyənləşdirilmişdir”. O qeyd etmişdir ki, ilk dəfə olaraq FAO-nun konfransında istifadə olunmamış potensialı ilə maraq doğuran şərq ölkələrinin də iştirak etməsi çox sevindirici haldır.
X.V.Seyeder konfrans çərçivəsində azərbaycanlı həmkarı İsmət Abbasovla görüşündən bəhs edərkən vurğulamışdır ki, aqrar məhsulunun ixrac-idxalının artırılması, kənd təsərrüfatı sahəsində Azərbaycanla Estoniya arasında əməkdaşlıq haqqında bir sıra sazişlərin hazırlanması məsələləri müzakirə olunmuşdur.
Nazir demişdir: “Biz balıq, süd məhsulu ixrac etməyə hazırıq, habelə qaramalın, damazlıq heyvanların genetikasının yaxşılaşdırılması sahəsində iki ölkənin kənd təsərrüfatı müəssisələri arasında əməkdaşlıq təklif edirik”. Estoniya tərəfi də öz növbəsində meyvə-tərəvəz məhsulu, nar şirəsi, şərab idxalına maraq göstərir.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Tallinn