İDMAN
“Xəzər-Lənkəran” futbol komandası Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanmışdır
Lənkəran, 11 iyul (AZƏRTAC). İyulun 11-də “Xəzər-Lənkəran” futbol komandası Lənkəran şəhərinin mərkəzi stadionunda Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Maltanın “Sliema” kollektivi ilə qarşılaşmışdır.
Bu komandalar arasında Maltada keçirilmiş ilk oyun 1:1 hesabı ilə başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, belçikalı hakim Vim Smetin idarə etdiyi cavab görüşünü izləyənlər arasında AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Xəzər-Lənkəran” futbol komandasının prezidenti Mübariz Mənsimov da olmuşlar.
Görüşün birinci hissəsi lənkəranlı futbolçuların tam üstünlüyü şəraitində keçmişdir. “Xəzər-Lənkəran”ın kapitanı Rahid Əmirquliyev oyunun 28-ci dəqiqəsində başla topu rəqib komandanın qapısından keçirmişdir - 1:0. Birinci hissə həmin hesabla başa çatmışdır.
Lənkəranlı futbolçular qarşılaşmanın ikinci hissəsində də hücumlarını davam etdirmişlər. Bütün cəhdlərə baxmayaraq hesab arasında fərq dəyişməmişdir.
Beləliklə, rəqibini minimal hesabla məğlub edən “Xəzər-Lənkəran” komandası iki oyunun nəticələrinə görə, Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanmışdır.