İQTİSADİYYAT
Xəzər rayonunun qaz təminatı yaxşılaşdırılır
Bakı, 2 fevral (AZƏRTAC). ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirmişlər ki, ötən il Xəzər rayonunun Şüvəlan, Binə, Qala, Şağan, Zirə, Pirallahı, Buzovna, Türkan qəsəbələrində ümumilikdə 157,33 kilometr uzunluğunda yeni qaz xətləri çəkilmişdir. Şüvəlan qəsəbəsinin İstiqlal, H.Aslanov, İ.Muradov, Ş.Bayramov, Bağlar, Vidadi və Sabir küçələrində, H.Aslanov bağ massivinin, A.S.Makarenko adına gimnaziyanın ətrafındakı yaşayış massivlərinin ərazilərində yaşayan əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədi ilə qaz xətlərinin yenidən qurulması, yeni qaz xətlərinin çəkilməsi istiqamətində nəzərdə tutulan işlər başa çatdırılmışdır.
Bundan başqa, Binə qəsəbəsinin Atçılıq adlanan ərazisində, Qala qəsəbəsinin Sülh küçəsində, Şağan qəsəbəsinin broyler fabriki ətrafı ərazisində, Zirə qəsəbəsinin S.Ə.Şirvani, Ağamalıoğlu, M.Maqomayev küçələrinin də qaz təminatı yaxşılaşdırılmışdır. Eyni zamanda, Zirə, Pirallahı qəsəbələrinin yaşayış sahələrində polad boruların yenidən qurulması, Buzovna qəsəbəsi R.Rəhimov və Abşeron küçələrində yerləşən yeni evlərin qaz təminatının yaxşılaşdırılması məqsədi ilə yenidənqurma və təmir işləri tamamlanmış, Mərdəkan qəsəbəsində yeni qaz xətlərinin çəkilməsi, Qala stansiyası və keçmiş ORS adlanan ərazilərindən keçən qaz xətlərindən qidalanan küçələrin qaz təchizatının yaxşılaşdırılması üçün tikinti-quraşdırma işləri başa çatdırılmışdır.
Hazırda rayonun daha 27 yaşayış ərazisində qaz təminatının yaxşılaşdırılması üçün yenidənqurma işləri davam etdirilir.