REGİONLAR
“Xəzər ulduzları” Türkiyədə keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
Sumqayıt, 8 avqust, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bölgəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib. Festivallara Türkiyə, Azərbaycan, İran, Yunanıstan, Bolqarıstan, Rusiya, Gürcüstan və digər ölkələrdən rəqs və musiqi qrupları qatılıb.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Novxanı kənd Sənətkarlıq klubunun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Artvində keçirilən 10-cu Beynəlxalq Tulum və musiqi festivalına, Rizədə keçirilən Beynəlxalq 30-cu Çay, turizm və yaz idmanları festivalına və Trabzonda Beynəlxalq Horon festivalında iştirak edib.
Kollektivin ifasında təqdim olunan “Qarabağ süitası”, “Yaylıqlarla rəqs”, “Qaval rəqsi”, “Ana yurd marşı” rəqs-kompozisiyaları türkiyəli tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Artvin festivalında Kamil Ağazadənin ifa etdiyi “Ana yurd marşı” ən yaxşı mahnı nominasiyasına layiq görülüb. Kollektivin Rizədə çıxışı diplomla mükafatlandırılıb, həmçinin ən kiçik üzvü, balaca rəqqasə Gülnaz Zahirli Artvindəki gözəllik müsabiqəsində 1-ci, Trabzonda isə 3-cü olub.