ELM VƏ TƏHSİL
Xocalı soyqırımı bəşər tarixinə ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə həkk olunub
![Xocalı soyqırımı bəşər tarixinə ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə həkk olunub](/files/2022/1/1200x630/1645862866284229805_1200x630.jpg)
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib. Öncə Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a Qafqazşünaslıq İnstitutundan məlumat verilib.
Qafqazşünaslıq İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı qeyd edib ki, Xocalı faciəsinin dünya ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Milli Məclisdə ilk dəfə bu məsələyə siyasi-hüquqi qiymət verilib. Professor Musa Qasımlı qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bütün dünyanın diqqətini bu faciənin qiymətləndirilməsinə yönəldib.
Sonra institutun icraçı direktoru siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının bəşər tarixinə ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə əbədi həkk olunduğunu vurğulayıb.
İnstitutun Gürcüstanşünaslıq şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Feyziyeva və Həmkarlar İttifaqının sədri Yeganə Baxşıyeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz planının tərkib hissəsi olan Xocalı soyqırımının təfərrüatlarından bəhs edib və bu soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayıblar.