ELM VƏ TƏHSİL
Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ağır cinayətdir
![](/files/galleryphoto/2022/1/1200x630/16458658584555048622_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16458658582928418103_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16458658581028263224_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/1/1200x630/16458658586127110670_1200x630.jpeg)
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunda Xocalı soyqırımının 30 illiyinə həsr olunan anım tədbiri keçirilib. Əvvəlcə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a Neft və Qaz İnstitutundan məlumat verilib.
Neft və Qaz İnstitutunun icraçı direktoru, professor Vaqif Qurbanov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Xocalı faciəsi etnik azərbaycanlılara qarşı soyqırımıdır.
İnstitutun əməkdaşları - Arzu Rüstəmova, Rahilə Əliyeva və Fatimə Bayramova çıxışlarında qeyd ediblər ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. XX əsrin faciəsi olan Xocalı soyqırımı da aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Daha sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri Pünhan Səmədli və sədr müavini Aysel Məmmədova tərəfindən hazırlanan videoçarx nümayiş etdirilib.