ELM VƏ TƏHSİL
Xüsusi istedadlı şagirdlər üçün proqramlar hazırlanacaqdır
Bakı, 23 iyun (AZƏRTAC). Təhsil Problemləri İnstitutunda (TPİ) xüsusi istedadlı şagirdlər üçün V-IX siniflərdə nitq mədəniyyəti, X-XI siniflərdə üslubiyyat, V-IX siniflərdə məntiq fənləri üçün tədris proqramlarının hazırlanması məqsədi ilə yığıncaq keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, TPİ-nin direktoru, professor Abdulla Mehrabov xüsusi istedadlı şagirdlər üçün açılmış lisey siniflərində - V- IX siniflərdə nitq mədəniyyəti, X-XI siniflərdə üslubiyyat, V-IX siniflərdə məntiq fənləri üçün tədris proqramlarının hazırlanması barədə Təhsil Nazirliyi tərəfindən instituta tapşırıq verildiyini qeyd etmiş, bununla əlaqədar iki tərkibdə komissiya yaradıldığını bildirmişdir.
A.Mehrabov xüsusi istedadlı şagirdlərdən ötrü respublikanın 8 bölgəsində təşkil olunmuş lisey sinifləri üçün V-IX siniflərdə nitq mədəniyyəti və məntiq, X-XI siniflərdə üslubiyyat fənlərinin tədris proqramlarının hazırlanması məqsədi ilə komissiyalara tövsiyələr vermişdir.
Tədbirdə proqramların mahiyyəti və məzmunu ilə əlaqədar məsələlər müzakirə olunduqdan sonra komissiyaların bir ay müddətində proqramları hazırlayaraq institutun Elmi Şurasına təqdim etmələri qərara alınmışdır.