CƏMİYYƏT
Yanvar ayında 58 şəhər və rayonun əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib
![Yanvar ayında 58 şəhər və rayonun əhalisinə 1 milyondan çox tibbi xidmət göstərilib](/files/2022/1/1200x630/16456233173924250157_1200x630.jpg)
Bakı, 23 fevral, AZƏRTAC
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, cari ilin yanvar ayı ərzində 58 şəhər və rayonda 421 min 134 vətəndaşa 1 milyon 488 min 464 tibbi xidmət göstərilib. Bu müddətdə tibb müəssisələrinə 655 min 626 müraciət daxil olub.
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 milyon 295 min 394-ü ambulator, 193 min 70-i isə stasionar şəraitdə göstərilib.
2022-ci ilin yanvar ayı üzrə sözügedən inzibati ərazi vahidlərində əhaliyə göstərilən tibbi xidmətlərə dair bir neçə statistik göstəricini təqdim edirik:
Əhalinin hər min nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir (442), Gəncə (249), Balakən (220), Şirvan (205), Yevlax (203), Beyləqan (193), Qəbələ (169), Göyçay (160), Qax (158) və Göygöl (154).
Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri və müəyyən simptomlarla bağlı olub.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası (161 min 586), Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası (120 min 219), Yevlax (70 min 147), Qəbələ (53 min 434), Xaçmaz (52 min 792), Quba (51 min 908), Bərdə (49 min 850), Göyçay (46 min 397), Beyləqan (40 min 576) və Ağdaş (40 min 459) rayon mərkəzi xəstəxanaları.
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Yevlax, Qəbələ, Xaçmaz, Bərdə, Quba, Göyçay, Beyləqan və Zaqatala rayon mərkəzi xəstəxanaları.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Quba, Xaçmaz, Lənkəran, Bərdə, Şəki rayon mərkəzi xəstəxanaları, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Ağdaş və Ağcabədi rayon mərkəzi xəstəxanaları.
Məlumata əsasən, bütün ölkə üzrə yanvar ayı ərzində 681 min 604 nəfərə 1 milyon 166 min 659 müraciət üzrə 2 milyon 584 min 895 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 2 milyon 101 min 326-sı ambulator, 483 min 569-u isə stasionar şəraitdə göstərilib. Bu xidmətlərin 1 milyon 861 min 124-dən (72 faiz) böyüklər, 723 min 771-dən (28 faiz) isə uşaqlar istifadə edib.
2021-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən, icbari tibbi sığortanın tətbiq edildiyi 58 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 milyon 600 min 100 nəfər təşkil edir.