ELM VƏ TƏHSİL
YAP Abşeron Gənclər Birliyinin üzvləri Yüksək Texnologiyalar Parkında olublar
![YAP Abşeron Gənclər Birliyinin üzvləri Yüksək Texnologiyalar Parkında olublar](/files/2019/3/1200x630/15737375154213354418_1200x630.jpg)
Bakı, 14 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Abşeron Gənclər Birliyinin fəal üzvləri AMEA-nın Yüksək Texnologiyalar Parkını (YT Park) ziyarət ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qonaqlar əvvəlcə beynəlxalq standartlara cavab verən AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə məlumat verilib. Bildirilib ki, Strateji Elmi Analitik Sınaq Mərkəzinin məqsədi akademiyanın elmi müəssisə və təşkilatlarının balansında olan, müasir tələblərə cavab verən elmi avadanlıq, cihaz və digər vasitələrdən elmi tədqiqatların aparılmasında və yeni texnologiyaların işlənməsində səmərəli istifadə edilməsi üçün onların vahid mərkəzdə cəmləşdirilməsi, qaz, neft və neft-kimya məhsullarının sınaqlarının yüksək səviyyədə aparılmasıdır.
Gənclər, həmçinin YT Parkın rezidentləri - “Elm və Texnologiya Parkı” MMC, “Millers Oils Azərbaycan” MMC və “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin istehsal sahələrində pilotsuz uçan aparatlar, o cümlədən yüksək standartlara cavab verən sürtkü yağları ilə tanış olublar.