SİYASƏT
YAP MİNGƏÇEVİR ŞƏHƏR TƏŞKİLATI BƏLƏDİYYƏ SEÇKİLƏRİNƏ HAZIRLAŞIR
Mingəçevir, 13 sentyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) Mingəçevir şəhər təşkilatı dekabrda keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlaşır.
Partiyanın şəhər təşkilatından bildirmişlər ki, bələdiyyə seçkilərinə rəsmi start verilməsə də Mingəçevirdə YAP fəalları tərtib olunmuş fəaliyyət proqramına uyğun olaraq müəyyən hazırlıq işləri görürlər. Şəhər təşkilatında yaradılmış seçki qərargahı YAP-ın namizədi olan hazırkı bələdiyyə üzvlərinin ötən 5 ildəki fəaliyyətinin təhlil edilməsi, yerlərdə əhalini narahat edən sosial məsələlərin öyrənilməsi və qarşıdakı seçkilərdə bələdiyyə üzvlüyünə namizədliyi irəli sürüləcək şəxslərin müəyyən edilməsi istiqamətində iş aparır. YAP Mingəçevir şəhər təşkilatı bələdiyyə üzvlüyünə namizədlərin təbliği ilə əlaqədar iş aparacaq partiya fəallarını da müəyyən etmişdir.
Mingəçevirlilər səsvermə günü 17 nəfər bələdiyyəyə üzvünü seçəcəklər. 5200 üzvü ətrafında sıx birləşdirən YAP Mingəçevir şəhər təşkilatı da bələdiyyə üzvlüyünə 17 nəfərin namizədliyini irəli sürməyi planlaşdırır.