İQTİSADİYYAT
Yaponiya-Azərbaycan münasibətlərinin inkişafında yeni istiqamətin bünövrəsi qoyulur
Bakı, 27 fevral (AZƏRTAC). Yaponiya-Azərbaycan münasibətlərinin inkişafında yeni istiqamətin bünövrəsi qoyulur. Bu, kosmik sahədə olan əməkdaşlıqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov fevralın 27-də Bakıda öz işinə başlamış Azərbaycan-Yaponiya peyk sektoruna həsr olunmuş seminarı zamanı jurnalistlərə müsahibəsində demişdir.
Nazir bildirmişdir ki, Yaponiya kosmik sahədə olduqca inkişaf etmiş ölkədir. Yaponiyalı mütəxəssislər Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması və ölkəmizdə kosmik sənayenin inkişafına dair Dövlət Proqramı ilə tanış olmuş və bu sahədə perspektivləri görərək bizimlə əməkdaşlıq etmək qərarına gəlmişlər. Məhz buna görə bu gün hər iki ölkənin birgə təşkilatçılığı ilə seminar təşkil olunmuşdur.
Əli Abbasov vurğulamışdır ki, Azərbaycan tərəfi isə artıq şaxələndirilmiş iqtisadiyyata keçid dövründə informasiya-kommunikasiya texnologiyalarının bir istiqaməti kimi kosmik sahənin inkişafına böyük diqqət yetirir. Asiya ölkələri, xüsusən Sakit okean hövzəsində yerləşən ölkələr - Yaponiya, Koreya Respublikası, Çin, Hindistan və digərləri bir tərəfdən bu sahədə texnologiyalarını inkişaf etdirir, digər tərəfdən isə öz bazarlarını genişləndirirlər. Bizim əsas məqsədlərimizdən biri texnoloji məhsul və xidmətlərlə Asiya ölkələrinin bazarlarına çıxmaqdır. Bu istiqamətdə Asiya ölkələrinin inkişafı bizim üçün maraq kəsb edir.