DÜNYA
Yaponiyada ticarət kəsiri balansı rekord həddə çatmışdır
Tokio, 18 dekabr (AZƏRTAC). Noyabr ayında Yaponiyada ticarət kəsiri balansı idxalın kəskin artması fonunda ən yüksək həddə çatmışdır. Bu faktor ölkə daxilində istehlak tələbatının artdığını təsdiqləyir və 2014-cü ilin aprelində vergilərin artırılmasının gözlənildiyi bir vaxtda mühüm əhəmiyyətə malikdir. Artım ilk növbədə yenin məzənnəsinin aşağı düşməsi nəticəsində yanacaq idxalına daha çox xərc çəkilməsi ilə əlaqələndirilir.
Yaponiya Maliyyə Nazirliyi bəyan etmişdir ki, noyabrda ticarət kəsiri 1,29 trilyon yen (12,6 milyard dollar) olmuşdur. Ticarət kəsiri bu statistikanın aparılmağa başlandığı 1979-cu ildən bəri ən böyük rəqəmlə ifadə edilmişdir. Mütəxəssislər isə bu dövr üçün ticarət kəsirini 1,35 trilyon yen proqnozlaşdırmışdılar.
Ticarət kəsirinin artması yenin məzənnəsinin dollarla müqayisədə aşağı düşməsinin səmərəsini də təsdiqləmişdir. Eyni zamanda, 2011-ci ildəki təbii fəlakətdən sonra atom elektrik stansiyalarının fəaliyyəti dayandırıldığına görə, ölkəyə enerji daşıyıcılarının idxalı artmaqdadır. Hökumət öz dövriyyəsinə görə dünyada üçüncü yeri tutan iqtisadiyyatı sabit saxlamağa çalışsa da, analitiklər gələn ilin ikinci rübündən istehlak vergisinin artması ilə əlaqədar azalmanın qaçılmaz olacağını proqnozlaşdırırlar.
Yaponiyada artıq 17 aydır ki, ticarət kəsiri balansı artmaqda davam edir. Bu, 1979-cu ildən bəri ən uzun müddətli prosesdir.
Son bir ildə Çinə ixrac 33,1 faiz, ABŞ-a ixrac 21,2 faiz, Avropa İttifaqına ixrac isə 19,4 faiz artmışdır. Bununla yanaşı, ölkəyə neft idxalı artımı 34,9 faizə, sıxılmış qaz idxalının artımı isə 37,4 faizə bərabər olmuşdur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio