DÜNYA
Yaponiyanın cənubuna son bir neçə on ilin ən güclü tufanı yaxınlaşır
![Yaponiyanın cənubuna son bir neçə on ilin ən güclü tufanı yaxınlaşır](/files/2014/2/1200x630/1408712407325194548_1200x630.jpg)
Tokio, 7 iyul (AZƏRTAC). Yaponiyanın Okinava prefekturasının hökumət orqanları əhalini “Neoquri” tufanının yaxınlaşması ilə əlaqədar zəruri olan bütün ehtiyat tədbirləri görməyə çağırmışdır. Ölkənin Meteorologiya Xidmətinin məlumatına əsasən, bu, son bir neçə on ilin ən güclü tufanı olacaqdır.
Koreya dilindən tərcümədə “yenot” mənasını verən tufan hazırda saatda 20 kilometr sürətlə Okinavanın cənub-şərq sahillərinə yaxınlaşmaqdadır. İyulun 8-də səhər saatlarında tufanın adaya çatacağı gözlənilir.
“Neoquri”nin mərkəzində küləyin sürəti saniyədə 70 metrə çatır. Şose yolunda belə külək avtomobili asanlıqla çevirə bilər. Tufanın Okinava sahillərində 14 metr hündürlükdə dalğalar yaradacağı bildirilir.
Bununla əlaqədar, hökumət orqanları əhaliyə sahilə yaxınlaşmamağı və bütün qayıqları təhlükəsiz yerə köçürməyi tövsiyə etmişdir. Eyni zamanda, daşqınlar və torpaq sürüşmələrinə qarşı da tədbirlər görülür.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio