DÜNYA
Yaponiyanın Xarici İşlər Nazirliyi Ukrayna ətrafında yaranmış vəziyyətdən narahatlığını bildirib
Tokio, 1 fevral, AZƏRTAC
Yaponiyanın Xarici İşlər Nazirliyi (XİN) bəzi ölkələrin diplomatik səylərinə baxmayaraq, Ukrayna ətrafında yaranmış vəziyyətin kəskin dəyişməsinin mümkünlüyündən narahatlığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi fevralın 1-də keçirilən mətbuat konfransında bildirib.
“Maraqlı ölkələrin diplomatik səylərinə baxmayaraq, Ukrayna ətrafında vəziyyətin kəskin dəyişməsi mümkündür”, – deyə nazir qeyd edib. Y.Hayaşi bildirib ki, Yaponiya ardıcıl şəkildə Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün saxlanmasını müdafiə edir. Bu, Yaponiyanın Baş naziri Fumio Kişidanın ABŞ Prezidenti Co Bayden ilə apardığı son danışıqlar zamanı da xüsusi qeyd edilib.
“Biz bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyətlə, ilk növbədə G7 ölkələri ilə sıx əməkdaşlığı davam etdiririk”, - deyə nazir bir daha vurğulayıb.
Yaponiya XİN-nin yanvarın sonlarında Ukraynada olan Yaponiya vətəndaşlarına bu ölkənin ərazisini təcili şəkildə tərk etmək barədə müraciətini xatırladan Y.Hayaşi deyib: “Xaricdə olan vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün prioritetdir”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio