DÜNYA
Yaponlar total səmərəlilik naminə nömrələnəcəklər
Tokio, 25 may (AZƏRTAC). Yaponiya parlamenti ölkənin hər bir vətəndaşı üçün fərdi vahid nömrənin müəyyən edilməsi barədə qanun qəbul etmişdir. Ekspertlərin fikrincə, bu, vergi və sosial sığorta ilə bağlı məsələlərin həllinə müsbət təsir göstərməklə yanaşı, fərdi informasiyanın qeyri-qanuni istifadəsi təhlükəsinə də yol açmış olacaqdır.
Sənəd parlamentin yuxarı palatası tərəfindən qəbul edilmişdir. Parlamentin aşağı palatası hələ mayın əvvəllərində onu təsdiqləmişdi.
Yaponlara vahid nömrənin 2015-ci ildə verilməsi nəzərdə tutulsa da, sistemin özü 2016-cı ildə fəaliyyətə başlayacaqdır. Qanunun tətbiqi dövlət və bələdiyyə orqanlarına vətəndaşlara sosial vəsaitlərin və yardımların, vergi güzəştlərinin və digər xidmətlərin göstərilməsi zamanı vaxta qənaət etmək imkanı verəcəkdir.
Bu sistem hökumət strukturlarına vergidən yayınma halları da daxil olmaqla, qanun pozuntularının qarşısını almaqda yardım edəcəkdir. Fərdi nömrənin tətbiqi, həmçinin təbii fəlakətlər zamanı zərər çəkənlərə, onlar bütün sənədlərini itirsələr belə, yardımların göstərilməsi işini yüngülləşdirəcəkdir.
Yeni sistemin işinə nəzarət məqsədi ilə müstəqil komissiyanın yaradılması nəzərdə tutulur. Vahid məlumatlar bazasından fərdi informasiyanın sızmasına görə isə 4 il azadlıqdan məhrumetmə və ya 2 milyon yen (təqribən 20 min dollar) məbləğində cərimə cəzası tətbiq ediləcəkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio