REGİONLAR
Yardımlıda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 10,8 faiz artıb
Yardımlı, 1 fevral, Bağır Əliyev, AZƏRTAC
COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin nisbətən yumşaldılması, ictimai nəqliyyatın fəaliyyətinin bərpa olunması nəticəsində daxili səfərlərin artması ictimai iaşə obyektlərinin fəaliyyətinə müsbət təsir göstərib. İlkin məlumatların təhlili göstərir ki, turizm infrastrukturunun əsas elementlərindən olan ictimai iaşə müəssisələrinin göstəricilərində, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması nəticəsində ödənişli xidmətlərin həcmində əhəmiyyətli dərəcədə artımlar müşahidə edilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayon üzrə əhaliyə göstərilmiş ödənişli xidmətin ümumi həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,8 faiz artaraq 16 milyon 510 min manat olub. Əhaliyə hüquqi şəxslər tərəfindən 2 milyon 257,3 min manatlıq, fiziki şəxslər tərəfindən isə 14 milyon 252,7 min manatlıq müxtəlif növ ödənişli xidmətlər göstərilib. 2020-ci illə müqayisədə məişət xidmətinin ümumi həcmi 171 min manat artaraq 2 milyon 370 min manat təşkil edib.
Ötən il rayon əhalisinə 1 milyon 625 min manatlıq ictimai iaşə xidməti göstərilib. Bu, 2020-ci illə müqayisədə 18,6 faiz çoxdur. Göstərilmiş iaşə xidmətlərinin ümumi həcmindən 12,4 min manatı və ya 0,8 faizi hüquqi şəxslərin, 1 milyon 612,6 min manatı və yaxud 99,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.