İQTİSADİYYAT
Yasamal rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Qlobal iqlim dəyişikliyinin su ehtiyatlarının azalmasına səbəb olduğu bir dövrdə hələ də içməli sudan qanunsuz və israfçılıqla istifadə edənlər var. Yasamal rayonunda ət kəsimi məntəqələrinin sahibləri dəfələrlə edilən xəbərdarlıqlara və obyektin su təchizatının dayandırılmasına baxmayaraq, qeyri-qanuni əməllərindən əl çəkmirlər.
Görünür, iqlim dəyişiklikləri səbəbindən bütün dünyada olduğu kimi, Azərbaycanda da şirin su ehtiyatlarının azalması kimi məlumatlar Yasamal rayonu Şərifzadə və Xiyabani küçələrinin kəsişməsində yerləşən obyekt sahiblərinə hələ də çatmayıb. Bu ərazidə fəaliyyət göstərən obyekt sahibləri bir damcı suyun nə qədər qiymətli olmasının fərqinə varmayaraq suyu saatlarla boşuna axıdırlar.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, Yasamal rayon Sukanal İdarəsinin mütəxəssislərinin keçirdiyi nəzarət tədbirləri zamanı kababxana və sallaqxanalarda içməli suyun ciddi şəkildə talandığı məlum olub. Ərazidə mövcud olan 10-dan çox obyektin cəmi biri sudan qanuni istifadə edir. Digər obyektlərin sahibləri dəfələrlə edilən xəbərdarlıqlara, hətta su təchizatının dayandırılmasına baxmayaraq, yenə də müxtəlif yollarla sudan qanunsuz istifadəyə çalışırlar. İçməli sudan qeyri-qanuni istifadənin qarşısını almaq məqsədilə obyektlərin su təchizatı dayandırılıb. Yasamal rayon Sukanal İdarəsinin mütəxəssisləri tərəfindən bütün obyektlər siyahıya alınıb və sahibkarlara su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib.
İçməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunazidd halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu cür halları təkrar törədənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Adıçəkilən ərazidə ət kəsimi ilə məşğul olanlar kanalizasiya şəbəkəsinə qanunsuz qoşulma ediblər. Şəbəkəyə heyvan tullantılarının axıdılması baxış quyularının və xətlərin tez-tez tutulmasına, çirkab suların ətraf əraziyə dağılmasına səbəb olur.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 6225 fakt aşkarlanıb. Həmin hallar üzrə 1 milyon 627 min kubmetr həcmində sərfiyyat bərpa olunub. Bu rəqəm Yasamal rayonu üzrə müvafiq olaraq 115 fakt və 28 min 700 kubmetr təşkil edib. Cari ilin yanvar-avqust aylarında sudan qanunsuz istifadə ilə bağlı 100-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.