CƏMİYYƏT
Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb
![Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb](/files/2019/2/1200x630/15638864491487733544_1200x630.jpg)
Bakı, 23 iyul, AZƏRTAC
Yasamal rayonu ərazisində azyaşlıya qarşı soyğunçuluq edərək onun pulunu ələ keçirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkənin valideynləri Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsinə məlumat verərək tanımadıqları şəxsin onların övladlarına yaxınlaşaraq əlində olan 5 manat pulu soyğunçuluq yolu ilə aldığı barədə məlumat veriblər. Həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs, əvvəllər məhkum olunmuş paytaxt sakini Rəsul Hüseynov bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. O, ifadəsində hadisəni törətdiyini etiraf edib.
Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun bir neçə ay əvvəl paytaxt sakini olan bir qadının pul kisəsini oğurladığı da müəyyən edilib. Həmin vaxt Rəsul Hüseynov zərərçəkənə 500 manat maddi ziyan vurub.
Faktla bağlı 28-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.
Oğurluq və soyğunçuluq etməkdə şübhəli bilinən həmin şəxsin digər cinayətlərdə də iştirakı istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Daxili işlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Yasamal Rayon Polis İdarəsinə və ya 28-ci polis bölməsinə müraciət edə bilərlər.