REGİONLAR
Yazıçı-publisist Ziyəddin Sultanovun “Gəlin gedək Qarabağa” kitabının təqdimatı olub
Ağcabədi, 26 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında yazıçı-publisist, Əməkdar Jurnalist Ziyəddin Sultanovun “Gəlin gedək Qarabağa” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən filialın direktoru Mətanət Fərzəliyeva müəllifin yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, Ziyəddin Sultanovun indiyədək 10-dan çox bədii və publisistik kitabı çap olunub. Onun “Qarabağ gündəliyi”, “Qarabağın qara günləri”, “Xocalı faciəsi”, “Ağdərədən gələn var”, “Əsirlər, itkinlər, girovlar”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr”, “Ürək dözmür ayrılığa”, “Göylərdən gələn gəlin” və digər kitabları maraqla qarşılanıb.
Qeyd edilib ki, Qarabağ müharibəsi başlandığı gündən cəbhə bölgələrində olan Ziyəddin Sultanov baş verən hadisələrə şahidlik edib, müharibə və onun doğurduğu faciələri ürək ağrısı ilə qələmə alaraq silsilə əsərlər yaradıb. Onun son vaxtlar bu mövzuda yazdığı əsərlərdən biri də “Gəlin gedək Qarabağa” adlanır. 1988-1994-cü illərdə Qarabağda baş verən hadisələrin əks olunduğu kitab düşmənə nifrət, Vətənə məhəbbət, sədaqət, torpaqlarımız uğrunda şəhid olanların müqəddəs ruhlarına hörmət hissləri aşılayır.
“Gəlin gedək Qarabağa” kitabının bədii sənətkarlıq xüsusiyyətlərindən bəhs edən dosent Vaqif Allahverdiyev deyib ki, real faktlara və müşahidələrə əsaslanan əsərin diqqətçəkən məziyyətlərindən biri hadisələrin özünəməxsus bədii təsvir vasitəsilə çatdırılmasıdır. Tarixin faciəli səhifələri, qanlı-qadalı illərdə yaşananlar elə təsirli ifadə olunub ki, oxucu sanki Qarabağ müharibəsinin dəhşətlərini yenidən yaşayır, hadisələrin axarına düşür. Müəllifin yaratdığı obrazlar yazıçı təxəyyülünün məhsulu deyil, baş verən hadisələrin bilavasitə iştirakçıları və şahidləridir. Şəxsi taleyini Qarabağın ağrılı taleyinə bağlayan insanlardır.
Filialın müəllimləri Baxış Ələsgərov, Məhəmməd Hüseynov, Tahir Kərimli, Mahir Səlimov, Vaqif Fətullayev və başqaları kitabın bu və digər məziyyətlərindən danışıb, onun gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə müəllifin töhfəsi olduğunu bildiriblər.
Sonda Z.Sultanov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, oxucuların suallarını cavablandırıb.