İQTİSADİYYAT
Yeni asfalt-beton örtüklü yol Zərdab sakinlərinin rahatlığını təmin edəcək
Zərdab, 8 avqust (AZƏRTAC). Zərdab şəhərinin 15-ci məhəlləsindəki Rəşid bəy Məlikov küçəsində asfalt-beton örtük vurulmuş yeni avtomobil yolu istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, uzunluğu 1 kilometr, eni isə 6 metr olan yolun açılışı təntənəli mərasimlə qeyd olunub.
Mərasimdə çıxış edənlər son illər rayonda həyata keçirilən sosial layihələrdən, o cümlədən yol infrastrukturunun inkişafı istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, yerli əhəmiyyətli 135 min kvadratmetr yollara asfalt örtük çəkilib. Eyni zamanda 20 min nəfərədək sakinə xidmət edən Zərdab-Yuxarı Seyidlər və Zərdab-Mollakənd avtomobil yolları yenidən qurularaq asfaltlaşdırılıb.
Çıxışlarda istifadəyə verilən yeni yolun 1000 nəfərədək sakinin rahatlığını təmin edəcəyi vurğulanıb.
Məhəllənin sakinləri rayonda ardıcıl həyata keçirilən sosial-iqtisadi layihələrə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda rəmzi qırmızı lent kəsilib, yeni, rahat yol sürücülərin istifadəsinə verilib.