SİYASƏT
Yeni Azərbaycan Partiyası özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləmişdir.
AZƏRTAC xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyasının yaranmasının XX ildönümü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilmiş tədbirdə səslənmişdir. Yubiley tədbirini YAP Səbail rayon təşkilatı və YAP ADPU ərazi ilk təşkilatı birgə keçirmişlər.
Toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Universitetin foyesindəki büstü önünə gül dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov tədbiri açaraq, iştirakçıları əlamətdar hadisə münasibətilə təbrik etmişdir. O demişdir ki, YAP yarandığı vaxtdan bu günədək zəngin və şərəfli yol keçmiş, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləmişdir.
SSRİ-nin və sosializm düşərgəsinin dağılması kommunist partiyasının süqutu bu sistemə bağlı olan digər ölkələr kimi Azərbaycanda da çox ciddi problemlər yaratmışdır. Getdikcə ağırlaşan vəziyyəti aydın dərk edən ziyalılar qurtuluş yolunu böyük həyat təcrübəsi, yüksək nüfuzu və idarəçilik bacarığı ilə fərqlənən müdrik şəxsiyyətin – Heydər Əliyevin ətrafında birləşməkdə gördülər və xalq da bu təşəbbüsü alqışladı. Beləliklə də xalqı öz arxasınca aparmağa qadir olan yeni tipli, demokratik dəyərlərə əsaslanan YAP-ın yaradılması və bütün sağlam düşüncəli insanların bu partiyada cəmləşməsi gerçəkləşmişdir. Yarandığı gündən çox qısa vaxt keçməsinə baxmayaraq YAP hakim partiya adını qazanmışdır.
Bildirilmişdir ki, bu gün dinamik inkişaf edən Azərbaycanın qazandığı nailiyyətlərdə bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri vardır. Azərbaycanın əldə etdiyi bütün uğurlar, yüksək nailiyyətlər ümummilli lider Heydər Əliyevin yaratdığı YAP-ın fəaliyyəti ilə bilavasitə bağlıdır. YAP-ın hakimiyyətdə olduğu illər ərzində Azərbaycan iqtisadiyyatı inkişaf etmiş, cəmiyyətin bütün sahələrində əhəmiyyətli dəyişikliklər olmuş, hər bir vətəndaşımızın həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə edilmişdir. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin müasirləşməsi, daha da inkişafı istiqamətində atılan addımlarda partiyamızın üzvləri fəal şəkildə iştirak edirlər.
Z.Qaralov YAP Səbail rayon təşkilatının da fəaliyyətindən danışmış və bildirmişdir ki, hazırda təşkilatın uçotunda 24 minə yaxın partiya üzvü vardır. Onların 58 faizə qədərinin qadınlar, 63 faizə qədərini isə gənclər təşkil edirlər. Təşkilatın üzvləri gələn il keçiriləcək prezident seçkilərində fəal olacaq, YAP-ın layiqli namizədinə səs verəcəklər.
Sonra ADPU-nun rektoru, professor Yusif Məmmədov partiyanın 20 illik yubileyi münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, dövlət müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlətin qurulmasında, vətəndaşların dinc və firavan həyatının təmin edilməsində YAP-ın rolundan danışmışdır.
Tədbirdə YAP ADPU ilk ərazi təşkilatının sədri, professor Himalay Qasımov, Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova və başqaları çıxış etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, yarandığı gündən YAP cəmiyyətdə sülhün, əmin-amanlığın və demokratiyanın, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, geniş demokratik islahatların həyata keçirilməsi uğrunda çıxış etmək kimi qarşısına məqsədlər qoymuşdur. Bildirilmişdir ki, milli müstəqilliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi və demokratik islahatların aparılması yolunda mövcud uğurlar Yeni Azərbaycan Partiyasının fəaliyyətinin bəhrəsidir.
Sonra tədbir iştirakçıları adından YAP sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tədbir Səbail Rayon İcra Hakimiyyəti tərəfindən YAP-nın bir qrup fəal üzvünə hədiyyələrin təqdim edilməsi ilə başa çatmışdır.