İQTİSADİYYAT
YENİ İSMAYILLI-BASQAL AVTOMOBİL YOLUNUN ÇƏKİLMƏSİ NƏZƏRDƏ TUTULUR
Bakı, 1 aprel (AZƏRTAC). Muğanlı-İsmayıllı magistral yolunun mütəmadi torpaq sürüşməsinin baş verdiyi ərazidən keçməsi burada qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir. Ərazidə sonuncu dəfə torpaq sürüşməsi cari il fevralın 11-də yolun ikinci kilometrliyində baş vermişdir. Sürüşmə nəticəsində təqribən 400 metrlik uzunluğunda ərazidə 1-3 metr dərinliyində yarğanlar əmələ gəlmişdir.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən bildirmişlər ki, gələcəkdə belə halların baş verməməsi üçün geoloji-kəşfiyyat işlərinin aparılması və alternativ variantın tapılması məqsədi ilə Türkiyədən mütəxəssislər dəvət olunmuş, ərazinin vəziyyəti öyrənilmişdir. Ölkənin şimal-qərb regionunu mərkəzlə birləşdirən magistral yolun təhlükəsizliyini təmin etmək üçün Muğanlı-İsmayıllı yoluna alternativ olaraq yeni Muğanlı-Basqal yolunun çəkilməsi nəzərdə tutulmuşdur.
Hazırda sürüşməyə daha həssas ərazilərdə torpağın kürünməsinə və suötürücülərinin quraşdırılmasına başlanmışdır. Bunun üçün əraziyə buldozerlər, ekskavatorlar və digər texnika cəlb olunmuşdur. Eyni zamanda, 42 kilometrlik İsmayıllı-Qəbələ magistral yolunun yenidən qurulmasına başlanmışdır.