ELM VƏ TƏHSİL
Yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Universitetində tədbir keçirilmişdir
Bakı, 14 sentyabr (AZƏRTAC). Yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Universitetində (AU) tədbir keçirilmişdir.
AU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə universitetin rektoru Eldar Qəhrəmanov tələbə adını qazanmış gəncləri, müəllimləri və valideynləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etmişdir.
Tədbirdə bu tədris ilində tətbiq ediləcək yeniliklər, universitet daxili prosedura qaydaları, beynəlxalq proqramların və əməkdaşlığın üstünlükləri barədə ətraflı məlumat verilmişdir.
AU sosial məsuliyyəti bölüşən elm, təhsil və tərbiyə ocağı olaraq gənc nəslin peşəkar mütəxəssis, layiqli vətəndaş olaraq yetişdirilməsinə daim səy göstərir. Bu vəzifələrin icrası üçün şəffaflıq mühitini qoruyur, özünüqiymətləndirmə proqramları reallaşdırır, beynəlxalq əlaqələri gücləndirir, mütərəqqi təcrübənin milli xüsusiyyətlərə adaptasiyası üzərində işləyir. Bütün elmi-pedaqoji və maddi potensial bu ali məqsədə tabe etdirilmişdir.
Tədbirdə universitetin yeni təqaüd proqramının icrasına da start verilmişdir.
Universitetə 600-dən yuxarı balla qəbul olmuş tələbələrə notebook hədiyyə edilmişdir. Həmçinin, onlara tələbə biletləri ilə birlikdə əlavə daxili təqaüd ilə təmin edilən bank kartları ilə bərabər tələbə kartları da təqdim olunmuşdur.
Qeyd edək ki, Azərbaycan Universitetinin daxili təqaüd proqramı həm dövlət sifarişi ilə, həm də ödənişli əsaslarla qəbul olan tələbələrə şamil edilir. Daxili təqaüd proqramı universitetin öz büdcəsindən maliyyələşir.
Ümumilikdə 2013-2014-cü tədris ilində universitetə bakalavr ixtisasları üzrə 16 nəfər, magistratura ixtisasları üzrə isə 2 nəfər dövlət sifarişi ilə qəbul olunmuşdur.
Bundan əlavə təqaüd layihəsi çərçivəsində, ödənişli əsaslarla daxil olan və 350-450 bal toplamış 20 tələbə aylıq 50 manat məbləğində təqaüdlə təmin edilmişdir.
Proqrama əsasən, təqaüdlərin verilməsi və miqdarı semestrlərin sonunda tələbənin əldə etdiyi müvəffəqiyyətlərə görə tənzimlənəcəkdir. Yeni tədris ilindən etibarən daxilolma balından asılı olmayaraq, növbəti semestrlərdə zərbəçi və əlaçı nəticələr nümayiş etdirən hər bir tələbə müvafiq təqaüdlə təmin ediləcəkdir.