İDMAN
YENİYETMƏLƏRİN BİRİNCİ YAY OLİMPİYA OYUNLARINDA AZƏRBAYCANI KANOEÇİ RADOSLAV KUTSEV TƏMSİL EDƏCƏKDİR
Bakı, 1 aprel (AZƏRTAC). Mingəçevirdə başa çatan beynəlxalq “Prezident kuboku” reqatasında kayakçıların mübarizəsində Azərbaycanı təmsil edən Mirnazim Cavadov, Tamerlan Mustafayev və Dumitritsa Terenti daha çox fərqlənmişlər.
Mirnazim Cavadov 500 metr məsafəyə yürüşdə 1990-1994-cü illər təvəllüdlü idmançılar arasında 1 nəfərlik, 1000 metr məsafəyə yürüşdə 1992-1994-cü illər təvəllüdlü avarçəkənlərin arasında Rüfət Vəlizadə ilə birgə 2 nəfərlik, eləcə də Tamerlan Mustafayev, Vahid Həsənov və Rüfət Vəlizadə ilə birgə 4 nəfərlik qayıqla yürüşdə hamıdan üstün olmuşlar.
Tamerlan Mustafayev isə 4 nəfərlik qayıqla yanaşı, eyni yaş kateqoriyasında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə, Vahid Həsənovla birgə 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə qızıl medala layiq görülmüşdür.
Dumitritsa Terenti isə 1992-1996-cı illər təvəllüdlü qızların mübarizəsində 200 metr və 500 metr məsafəyə yürüşdə hamını qabaqlamışdır. Sevindirici haldır ki, qızların mübarizəsində 10 kayakçımız çıxış etmişdir.
Kanoeçilər arasında bütün diqqətlər 14-26 avqustda Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etməyə namizədlərin yarışına yönəlmişdir. 1992- 1994-cü illər təvəllüdlü idmancıların qatıldığı mübarizədə Azərbaycana bu lisenziyanı qazandırmış Andrey Kraytor hamıdan üstün olmuşdur. Lakin Kraytor 1992-ci il təvəllüdlü olduğundan və Olimpiadada 1993-1994-cü illər təvəllüdlü kanoeçilər çıxış edəcəyindən, bu hüquqa Radoslav Kutsev nail olmuşdur. Kutsev 200 və 500 metr məsafəyə yürüşdə Kraytordan geri qalsa da, 1000 metr məsafəyə yürüşdə qızıl medal qazanmışdır.
Ümumiyyətlə, kanoeçilərin mübarizəsi gərginliyi ilə diqqəti cəlb etmişdir. Bu növdə ötən il Avropa və dünya çempionatlarında uğurla çıxış etmiş kanoeçilər arasında müsabiqədənkənar yarış da keçirilmişdir. 1 nəfərlik qayıqla 500 metr məsafəni hamıdan tez Sergey Bezuqlıy qət etmişdir. Maksim Prokopenko 2-ci, Valentin Demyanenko isə 3-cü olmuşdur.