SİYASƏT
YERLİ VƏ MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARI ƏMƏKDAŞLARI ÜÇÜN TƏLİMLƏRƏ BAŞLANILMIŞDIR
Bakı, 25 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yerli icra hakimiyyəti orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələri üçün təlimlərə başlamışdır.
Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Dövlət Qulluğu Sistemində İslahatların aparılması vasitəsilə Yaxşı İdarəçiliyin Təşkili: MİM 9-un (YADİDP-nin ilkin variantı 2006-2015) icrasına dair Layihə Sənədi”nə müvafiq olaraq təşkil edilmişdir.
Komissiyadan bildirmişlər ki, təlimlərdə Bakı və Sumqayıt şəhərlərinin, Bakının rayonlarının və işğal altında olan Şuşa şəhərinin, Qubadlı və Zəngilan rayonlarının icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının qeyd olunan inzibati ərazi vahidləri üzrə yerli bölmələrində çalışan rəhbər vəzifəli şəxslər iştirak edirlər.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Müsahibənin keçirilmə qaydaları”, “Dövlət qulluqçularının vəzifə təlimatları”, “Kadrların idarə edilməsinə müasir yanaşma” mövzularında çıxışlar edir və dövlət qulluğu və kadr siyasəti sahəsində bir sıra digər mövzular ətrafında təlim iştirakçıları ilə fikir mübadiləsi aparırlar.
Bu, Gəncə, Tovuz, Şəki, Yevlax, Şamaxı, Quba, Masallı və Salyan şəhərlərində keçirilmiş silsilə təlimlərin davamıdır.
Təlimlər noyabrın 27-dək davam edəcəkdir.