İDMAN
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya kuboku yarışlarında bürünc medal qazanmışdır
Bakı, 16 may (AZƏRTAC). Tehranda keçirilən yunan-Roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışları mayın 16-da başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, yarışda iştirak edən Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası güləş tariximizdə yeni səhifə yazmışdır. Güləşçilərimiz dünya kuboku yarışlarında ilk dəfə üçüncü yeri tutmuş və bürünc medala sahib olmuşlar.
Azərbaycan güləşçiləri Koreya Respublikası, Ermənistan, İran və Finlandiya komandaları ilə eyni qrupda mübarizə aparmışdır. Pəhləvanlarımız ilk görüşdə İran güləşçilərinə məğlub olsa da, daha sonra ardıcıl olaraq Ermənistan (8:0), Koreya Respublikası (5:3) və Finlandiya (5:3) yığmasını məğlub etmiş və qrupda ikinci yeri tutaraq bürünc medal uğrunda mübarizəyə qoşulmuşlar. Həlledici qarşılaşmada Macarıstan güləşçilərini 6:2 hesabı ilə üstələyən yığmamız dünya kuboku yarışlarının bürünc medalına sahib olmuşdur.
Bu, yunan-Roma güləşi üzrə dünya kuboku yarışlarında yığmamızın indiyədək ən uğurlu nəticəsidir. Bunadək güləşçilərimiz 2011-ci ildə Belarusun paytaxtı Minskdə və 2012-ci ildə Rusiyanın Saransk şəhərində keçirilən analoji yarışda 4-cü yerlə kifayətlənmişdilər.