Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yüz yaşlı AZƏRTAC – “BAKU” jurnalının xüsusi layihəsi

Yüz yaşlı AZƏRTAC – “BAKU” jurnalının xüsusi layihəsi

Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktoru olduğu “BAKU” jurnalı AZƏRTAC-ın 100 illik yubileyinə xüsusi layihə həsr edib. Layihəyə Azərbaycanın ilk xəbər agentliyinin yaranma tarixi və keçdiyi inkişaf yolu barədə oçerk, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun müsahibəsi, fotomüxbir İlqar Cəfərovla söhbət və müxtəlif dövrlərə aid çoxsaylı arxiv fotoları daxildir. Xatırladaq ki, jurnal Moskvada rus və ingilis dillərində nəfis tərtibatla nəşr olunur.

“BAKU” jurnalının (mart-aprel nömrəsi) AZƏRTAC-ın yubileyinə həsr olunmuş xüsusi layihəsini Azərbaycan milli mətbuatının 145 iliyi ərəfəsində  təqdim edirik.

Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın 100 yaşı tamam olub. Ötən bir əsrdə Azərbaycan Xalq Cümhuriyyətini (AXC) Azərbaycan SSR, onu isə müstəqil Azərbaycan Respublikası əvəzləyib və bütün bu illər ərzində, tarixin bütün dönəmlərində AZƏRTAC ölkənin salnaməsini yazıb və bu işi günbəgün davam etdirir.

Başlanğıc

1919-cu il martın 3-ü. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclası. İclasın katibinin köməkçisi Nəcəfov Azərbaycan Respublikası Hökumətinin qətnamələri jurnalında yazır: “Eşidildi – nazirlər sovetinin sədri Fətəli xan Xoyskinin Azərbaycan Teleqraf Agentliyinin təşkil edilməsi haqqında məruzəsi. Qərara alındı – xalq maarifi naziri Nəsib bəy Usubbəyova Azərbaycan Teleqraf Agentliyinin təşkil edilməsi tapşırılsın”. O vaxt bu tapşırıq yerinə yetirilmədi: Həmin ilin aprel ayında gənc cümhuriyyətin hökumət kabinetinin tərkibi dəyişdi və teleqraf agentliyinin təşkil edilməsi məsələsi bir il havadan asılı vəziyyətdə qaldı.

1920-ci ilin fevralında yeni qərar çıxdı. Bu barədə AXC-nin əsas mətbu orqanı olan “Azərbaycan” qəzetində məlumat verildi. “Azərbaycan Teleqraf Agentliyi” sərlövhəli materialda deyilirdi: “Nazirlər Şurası poçt və teleqraf nazirinin Azərbaycan Teleqraf Agentliyinin təşkil edilməsi haqqında məruzəsini bəyəndi. Baş redaktora ayda 6 min rubl, onun köməkçisinə ayda 4500 rubl məvacib təyin edilsin...”. O vaxt informasiya simsiz teleqrafla ötürülür, siqnallar, eyni zamanda, Bakı Sahil radiostansiyasının yalnız bir aparatı vasitəsilə, özü də sutkada 70 min sözdən çox olmamaqla qəbul edilir və ötürülürdü.

O vaxt hələ kiril əlifbası ilə yığılmış və sonda “yat” hərfi olan “Азербайджанское информационное агентство АзерТАГЪ (Azərbaycan Teleqraf Ajansı – AzərTAC) söz birləşməsi ilə imzalanmış ilk məlumatlar 1920-ci il martın 1-də “Azərbaycan” qəzetinin “Teleqramlar” bölməsində dərc edildi: “Berlin qəzetləri” Estoniya ilə sülhü Klemansonun Sovet Rusiyasını əhatə etmək istədiyi tikanlı məftildə birinci boşluq hesab edirlər”; “Sovet teleqramları Yaponiyanın Şərqi Sibirdə qətiyyətsiz hərəkətlərini Amerika ilə münaqişə halı üçün öz qüvvəsini qoruyub saxlamaq istəyi ilə izah edir”... Martın 2-də agentlik artıq Şuşadan, Karyagindən (indiki Füzuli) və Xankəndidən alınmış ilk xəbərlərini təqdim etdi. Məsələn: “Şuşa, 1 mart. Milliyyətindən asılı olmayaraq əhalinin əhvalı tamamilə sakitdir. Şəhərdə asayiş nümunəvidir”.

Həmin vaxtdan AZƏRTAC-ın doğum günü və rəsmən işə başladığı tarix baharın ilk günü hesab edilir. Azərbaycan Xalq Cümhuriyyətinin Teleqraf Agentliyi cəmi iki ay mövcud oldu.

 SİTA (TACC) bunu bildirməyə müvəkkil edilib

Bolşeviklərin gəlişi Mərkəzi Mətbuat Kollegiyasının yaranması ilə əlaqədar respublikada informasiyanın yayılması ROSTA-nın (Rusiya Teleqraf Agentliyinin) Qafqaz diyar şöbəsinin Azərbaycan bölməsinə – AzKavROSTA-ya həvalə edildi. 1921-ci ildə bu bölmə AzərTAQ, 1922-1936-cı illərdə isə üç Zaqafqaziya respublikasının (Zaqafqaziya Federasiyası) agentlikləri birliyinin tərkibinə daxil oldu və ZaqTAQ adlandırıldı. Sonradan AZƏRTAC yenidən müstəqil informasiya orqanı kimi fəaliyyət göstərdi.

1922-ci ildən Azərbaycan Teleqraf Agentliyi əslində SİTA-nın filialı olub. Agentliyin Bakıda öz müxbirləri olduğuna baxmayaraq, dünyada baş verən hadisələr barədə əsas informasiyanı Moskvadan, özü də ümumi istifadəli teleqraf vasitəsilə alırdılar. 1921-1928-ci illərdə agentliyin rəhbəri olmuş Qubad Qasımov bu barədə öz xatirələrində yazır. Qasımovun jurnalistlik təcrübəsi yox idi və AzərTAQ-ın rəhbəri vəzifəsinə təyin edilənə qədər Qırmızı Ordunun Azərbaycandakı hərbi bölmələrindən birində döyüşçülər arasında savadsızlığın ləğvi üzrə komissiyaya rəhbərlik etmişdi.

Qubad Qasımov öz xatirələrində yazır: “Tamamilə yeni və son dərəcə məsuliyyətli iş sahəsini, necə deyərlər, ayaqüstü mənimsəmək lazım gəlirdi. O dövrdə informasiyanın yayılması üçün texniki imkanlar son dərəcə məhdud idi və biz oxucu kütləsinə, əhaliyə yol tapmaq üçün bütün üsullardan istifadə etməyə çalışırdıq. Məsələn, agentliyin “İşıq” qəzeti informasiyanın yayılmasında mühüm rol oynayırdı. Bu qəzet Kommunist və Caparidze küçələrinin (indiki İstiqlaliyyət və Əziz Əliyev küçələrinin – BAKU) tinində quraşdırılmış böyük ekranda nümayiş etdirilirdi. Sonradan belə “İşıq” qəzetləri Bakının fəhlə rayonlarında da nümayiş etdirilməyə başladı. Anlaşıqlı və populyar informasiya forması olan “İşıq” qəzeti çoxsaylı oxucuları – tamaşaçıları cəlb edirdi”.

1932-ci ildə agentliyə “Kleynşmidt” markalı iki teletayp aparatı gətirildi: bu, informasiyanın alınmasını, həmçinin onun qəzetlərə və radioya ötürülməsini sürətləndirirdi.

Müharibə müharibədir

Böyük Vətən müharibəsinin lap ilk günlərindən Moskva ilə teletayp əlaqəsi kəsildi. SİTA-nın xəbərləri yenidən adi teleqrafla, bəzən də radio vasitəsilə daxil olmağa başladı. Sovet İttifaqının baş informasiya agentliyinin Azərbaycan filialının işi gecə-gündüz fasiləsiz davam edirdi. Hərbi müxbirlər birbaşa ön cəbhədən son xəbərləri çatdırırdılar. Belə hərbi müxbirlər arasında Azərbaycanın Rəsul Rza, Qılman Musayev, Cəmşid Əmirov, Bağır Seyidzadə, Nüsrət Bağırov, Mixail Pleskaçevski kimi görkəmli şair və yazıçıları vardı. Onların çoxu, məsələn, xalq şairi Rəsul Rza könüllü olaraq hərbi müxbir kimi çalışırdı.

Rəsul Rza sonradan xatırlayırdı: “1941-ci ilin sonunda mən respublika ictimaiyyətini təmsil edən nümayəndə heyətinin tərkibində Novorossiyskə gedib çıxdım. Orada qoşunlar Krıma desant çıxarılması üçün hazırlanırdı. Döyüş birləşmələrinin tərkibində azərbaycanlılar çox idi. Poetik “sexini” Səməd Vurğunun və mənim təmsil etdiyimiz nümayəndə heyətimizin üzvləri bir neçə gün ərzində hər gün on dəfə döyüşçülər qarşısında çıxış edirdi. Elə o vaxt məndə öz qüvvəmi hərbi müxbir kimi sınamaq fikri yarandı. Həmin dövrdə azərbaycanlılardan ibarət hərbi birləşmələrin yerləşdiyi Krım cəbhəsinə siyasi işçilər qrupu göndərilirdi. Bu qrupun tərkibinə mən də daxil edildim. AzərTAQ-ın rəhbərliyi ilə razılaşma əsasında mənə hərbi müxbir sənədləri verildi. Ertəsi gün axşam mən zülmət qaranlığa bürünmüş sevimli şəhərimlə vidalaşdım. Cəbhəni yanacaqla təchiz edən əsas arsenal – Bakı şəhərində maskalanma tələblərinə ciddi riayət edilirdi. Zahiri görkəminə görə Bakını xatırladan Kerç şəhəri dərhal mənə yaxın və doğma oldu. Almanlar gündə bir neçə dəfə bu şəhəri bombalayırdı. Bizim “Boyevoy natisk” qəzetinin redaksiyası katakombalara köçürülməyə məcbur oldu. Biz tez-tez ön cəbhə xəttinə getməli, zirzəmilərdə, səngərlərdə 396-cı Azərbaycan diviziyasının komandirləri və döyüşçüləri ilə birlikdə gecələməli olurduq. Mənim Azərbaycan Teleqraf Agentliyinin hərbi müxbiri olmağımı təsdiq edən sənəd ordunun rabitə idarəsinə yol açdı. Mən hərbi teleqraf vasitəsilə Bakıya müxbir yazılarını çatdırırdım. Bunlar çox vaxt Krım cəbhəsinin döyüşçülərinin şücaəti haqqında qısa məlumatlar olurdu. Bəzən mən elə həmin rabitə kanalları vasitəsilə həmyerlilərimin döyüş igidlikləri barədə qısa oçerklər ötürə bilirdim. Uzun müddət idi ki, Bakıdan xəbər almırdım, mənim yazılarımın təyinat yerinə çatıb-çatmadığını bilmirdim. İki aydan sonra Bakıdan böyük bir bağlama qəzet alanda sevincimin həddi-hüdudu yox idi. Bu qəzetlərdə mənim cəbhədən göndərdiyim materiallar dərc edilmişdi”.

Yeni həyat

Müharibədən sonra respublika iqtisadiyyatında kəskin irəliləyiş oldu. 1966-cı ilin əvvəlində sənaye məhsulunun həcmi 1940-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 4,3 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 2 dəfə artmışdı. Azərbaycan SSRİ-nin sənaye baxımından inkişafının rəmzlərindən biri olmuşdu. Təsadüfi deyil ki, 1952-ci ildə Hindistanda keçirilən sərgidə Bakının böyük panoramı sovet pavilyonunun sənaye zalının bəzəyi oldu. 1966-cı ildə Dəməşqdə keçirilən beynəlxalq yarmarkada isə Azərbaycan 300 adda məhsul, o cümlədən səyyar qazma qurğuları, sintetik kauçuk və elektrik mühərrikləri nümayiş etdirdi.

AZƏRTAC-ın müharibədən sonrakı dövrə aid məlumatlarında respublikanın xalq təsərrüfatının bərpası haqqında ətraflı söhbət açılırdı: Yeni şəhərlərin yaradılması, zavodların tikintisi, Cənubi Qafqazda ən böyük Mingəçevir su elektrik stansiyasının işə salınması... Lakin respublikanın və bütün SSRİ-nin sonrakı inkişafını çox cəhətdən müəyyən etmiş ən mühüm hadisə Bakının lap yaxınlığında baş verdi: Dənizdə, paytaxtdan bir neçə kilometr məsafədə çox böyük neft yataqları aşkar edildi. Neft daşlarının mənimsənilməsi başlandı. Bu, həmin dövrdə istər ehtiyatlarına, istərsə də hasilata görə dünyada ən böyük dəniz neft yatağı idi.

1949-cu il noyabrın 7-də 1100 metr dərinlikdə neft quyusu fontan vurdu. Bu quyu ölkəyə hər gün 100 ton “qara qızıl” verirdi. Açıq dənizdə, sahildən 40-50 kilometr məsafədə dirəklər üzərində o dövr üçün ən müasir texnika və neftçilər üçün bütün zəruri infrastruktur vasitələri ilə təchiz edilmiş unikal şəhər salındı. 1952-ci ildə dünya təcrübəsində ilk dəfə olaraq süni adaları birləşdirən estakadanın tikintisinə başlanıldı və 1965-ci ilə qədər dənizdə uzunluğu 160 kilometrə yaxın olan estakadalar tikildi. Neft Daşlarında hətta asma bağlar da vardı, orada qızılgüllər açılır, portağal yetişirdi. Açıq dənizdə salınmış bu şəhər və neft mədənləri Azərbaycanın qürur obyektinə, onun vizit vərəqinə çevrildi. Təbii ki, AZƏRTAC bu quruculuq işlərinin işıqlandırılmasına maksimum diqqət yetirirdi. Bundan əlavə, Neft Daşları respublikamıza səfər edən xarici nümayəndə heyətlərinin marşrutlarında zəruri məntəqə oldu. Həmin illərdə xəbərlərin digər mövzusu kənd təsərrüfatı, ilk növbədə isə, əlbəttə, pambıq idi. Puşkin rayonundakı Telman adına kolxozun sədri Qızqayıt Həsənova 1960-cı ildə hesabat verərək deyirdi: “Biz dövlətə plandan əlavə 550 ton pambıq vermişik. Kolxozun gəliri yeddi milyon rubl, yəni 1953-cü ildəkindən iki dəfə çox olub”. Salyan rayonundakı Nizami adına kolxozun sədri Qüdrət Səmədov isə 1967-ci ildə bildirirdi: “Mürəkkəb iqlim şəraitinə baxmayaraq, keçən il biz yaxşı məhsul yetişdirmişik – hər hektardan 22 sentner pambıq yığmışıq, halbuki keçən il Muğanda hər hektardan ən çoxu 10-12 sentner məhsul yığıblar!”.

Azərbaycanı bütün SSRİ-də məşhurlaşdıran təkcə pambıq deyil, həm də meyvə-tərəvəz məhsulları idi. Azərbaycanda subtropik bitkilər ilk dəfə 1932-ci ildə əkilib. O vaxt respublikanın ən cənub hissəsində, Astara rayonunda Bağırov adına limon-portağal sovxozu yaradılıb. Müharibədən sonra sitrus ağaclarının sayı 100 minlərə çatmışdı. Azərbaycan çayı getdikcə populyarlaşırdı. 1966-cı ildə çay plantasiyalarının ümumi sahəsi 6400 hektara, çay yarpağı yığımı 8300 tona çatırdı. Bu, 1950-ci ildəkindən on dəfə çox idi!

İpəkçilik inkişaf edirdi. 1950-ci ildə Azərbaycan Elmi-Tədqiqat Stansiyasının direktoru Rəhim Hüseynov yüksək məhsuldarlığa malik “Azərbaycan ipəkqurdu” cinsini yetişdirdiyinə görə Stalin mükafatına layiq görülmüşdü. “Azərbaycan ipəkqurdu” başqa cinslərlə müqayisədə 60 faiz çox sap verir və bu ipək dümağ rəngi ilə fərqlənirdi.

Azərbaycanın genişlənən kurortları getdikcə populyarlaşırdı. 1948-ci ildə Bakının yaxınlığında dəniz sahilində qazılmış kəşfiyyat quyusundan müalicəvi qaynar su fontan vurdu. Bu yerdə balneoloji müalicəxana tikmək qərara alındı. Məşhur “Naftalan”, “İstisu” müalicəxanaları və Abşerondakı sanatoriyalar bütün sovet ittifaqından qonaqları qəbul edirdi. 1966-cı ildə Azərbaycandakı sanatoriyalar, istirahət evləri və pansionatlar 100 minə yaxın müştəri qəbul etmişdi. Xəzərin sahilində uşaqlar üçün də müalicəxanalar tikilir, pioner düşərgələri yaradılırdı.

Həmin illərdə respublikanın elmi həyatında çox mühüm hadisə baş verdi: SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı bazasında Azərbaycan Elmlər Akademiyası yaradıldı. İlk akademiklər bəstəkar Üzeyir Hacıbəyli, şair Səməd Vurğun, yazıçı Mirzə İbrahimov, kimyaçı Yusif Məmmədəliyev, geoloqlar Mirəli Qaşqay, Ələşrəf Əlizadə və Şamil Əzizbəyov, botanik Aleksandr Qrossheym, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynov, hidravlik İosif Yesman, cərrah Mustafa Topçubaşov, patoloq-anatom İvan Şirokoqorov və filosof Heydər Hüseynov. Akademiyaya həkim, Azərbaycanda müasir tibbi təhsilin banisi Mirəsədulla Mirqasımov başçılıq edirdi.

1967-ci ildə respublikada 14 min elmi işçi, o cümlədən 400 elmlər doktoru vardı. Azərbaycan alimlərinin çoxsaylı nailiyyətləri arasında 1960-cı ildə respublikada ilk dəfə olaraq Şamaxı astrofizika rəsədxanası yaradılmışdı. Sonradan bu rəsədxanaya orta əsrlərin riyaziyyatçı və astronomu Nəsirəddin Tusinin adı verildi.

1950-1960-cı illər Azərbaycan incəsənətinin çiçəklənməsi dövrü olub. Məhz həmin illərdə Qara Qarayev özünün “Yeddi gözəl” (1952), “İldırımlı yollarla” (1958), “Leyli və Məcnun” klassik baletlərini yazıb. Digər görkəmli bəstəkar Fikrət Əmirov 1952-ci ildə Cəfər Cabbarlının eyniadlı dramının motivləri əsasında “Sevil” operasını yaradıb. 1966-cı ildə respublikada 9 peşəkar teatr və 25 muzey fəaliyyət göstərirdi. 1967-ci ilin baharında Bakıda dünyada ilk Xalça Muzeyi açıldı. Azərbaycan cazı yarandı. Bu prosesin rəmzləri bəstəkarlar Vaqif Mustafazadə və Rafiq Babayev oldu. 1957-ci ildə Rəşid Behbudov Bakı Filarmoniyasının nəzdində cazı və Azərbaycan xalq çalğı alətlərini birləşdirən ansambl yaratdı. 1966-cı ildə isə o, Mahnı Teatrını yaratdı və ömrünün sonuna qədər bu kollektivə rəhbərlik etdi.

Xalq müğənniləri – aşıqlar bayramlarda, festivallarda radio və televiziya efirində arzu edilən qonaqlar idi. Aşıq Pənah Pənahov “Vətən”, “Bakı”, “Sülh” adlı mahnılar qoşmuşdu.

1950-1970-ci illərdə Bakının siması əsaslı şəkildə dəyişdi. Həmin illərdə tikilmiş binalar bu gün də şəhərin bəzəyidir: Hökumət evi (memarlar L.Rudnev, V.Munts), Alimlər Evi, “Buzovnaneft” trestinin evi (memarlar M.Hüseynov, S.Dadaşov), Azərbaycan Dövlət Dram Teatrı (memarlar Q.Əlizadə, M.Mədətov), M.F.Axundzadə adına Respublika Kitabxanası (memar M.Hüseynov), Lenin muzeyi (indiki Muzey Mərkəzi, memar Q.Məcidov), “Göyərçin” kafesi (memarlar V.Şulqin və R.Şərifov) və s. Monumental heykəltəraşlıq çiçəklənirdi. Şairlər Nizami (heykəltəraş F.Əbdürəhmanov), Sabir (heykəltəraş C.Qaryağdı), Natəvan (heykəltəraş Ö.Eldarov), Füzuli (heykəltəraşlar Ö.Eldarov və T.Məmmədov), Səməd Vurğun (heykəltəraş F.Əbdürəhmanov), bəstəkar Üzeyir Hacıbəyli (heykəltəraş T.Məmmədov) kimi görkəmli şəxsiyyətlərin heykəlləri Azərbaycan paytaxtının bəzəyinə çevrildi. Paytaxtın dəniz fasadı – gözəl dənizkənarı bulvar həm uzununa, həm də eninə genişləndirildi, 1960-cı ildə isə bulvarla Dağüstü parkı birləşdirən funikulyor inşa edildi. 1967-ci ildə Bakı Metropoliteninin ilk xətti açıldı.

1956-cı ilin fevralında “Göstərir Bakı!” sözləri ilə Azərbaycan Televiziyasının yayımı başlandı. 1957-ci ildə paytaxtdakı təpənin zirvəsində 180 metr hündürlüyündə televiziya qülləsi tikildi. 1962-ci ildən respublika televiziyası gündə 7 saat yayımlanırdı. 1970-ci ilin aprelində Rustavi-Bakı radiorele xətti ilə Azərbaycanda ilk dəfə Moskvadan rəngli televiziya verilişləri qəbul edilməyə başlanıldı.

1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldi. Yeni liderin dövründə Azərbaycanın iqtisadi yüksəlişi daha çox nəzərə çarpmağa başladı. AZƏRTAC yeni avadanlıq, müasir teletayplar aldı; Kirov prospektindəki (indiki Bülbül prospekti) redaksiya binası təmir edildi. Heydər Əliyev jurnalist peşəsini həmişə yüksək qiymətləndirirdi. Sonradan bu peşəyə öz münasibətini çox aydın ifadə edərək deyirdi: “Qanunlar əsasında yaşayan demokratik, hüquqi, dünyəvi dövlətdə jurnalistika çox mühüm peşə, mətbuat çox mühüm sahədir. Bu mənim fikrimdir və bu fikir heç vaxt dəyişməyəcək”. Ümummilli Lider ilə ünsiyyətdə olmuş agentliyin jurnalistlərinin çoxu xatırlayır ki, Heydər Əliyev onlara həmişə həssaslıqla yanaşır, həqiqətən faydalı məsləhətlər verir, onunla söhbətlər çoxları üçün bir növ ustad dərslərinə çevrilirdi. 

Əslində Heydər Əliyev AZƏRTAC-ın bu gün də riayət etdiyi əsas prinsipləri ifadə edirdi: Dövlətçiliyə xidmət, Azərbaycançılıq ideologiyasının təbliği, ümumbəşəri dəyərlərə hörmət.

Müstəqillik ərəfəsində

1980-ci illərin sonu – 1990-cı illərin əvvəli bütün Azərbaycan xalqı üçün çətin sınaqlar dövrü oldu. Hətta 1990-cı ilin Qanlı Yanvar günlərində respublika televiziyasının enerji bloku partladıldığına görə bu televiziyanın susduğu dövrdə də AZƏRTAC-ın jurnalistləri işi dayandırmırdılar. Agentliyin müxbirləri ölkədə baş verən hadisələr barədə xəbərləri bülletenlər şəklində şəhərdə yapışdırır, bakılılar bu yolla həmin yenilikləri öyrənirdilər. Bu vərəqələr hərbi senzuradan gizli hazırlanır və axşam hava qaralanda paytaxtda yayılırdı, hərçənd çox yaxşı bilirdilər: səhər əsgərlər həmin vərəqləri cırıb atacaqlar.

Jurnalistlərin əməyi diqqətsiz qalmadı. Məsələn, agentliyin işçilərinin səyləri sayəsində 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının dəfn mərasimində çəkilmiş “Milyon qəlbin göz yaşları” adlı fotoşəkil bütün dünyada məşhurlaşdı.

1992-ci il dekabrın 18-də, respublikanın dövlət müstəqilliyi elan ediləndən ilyarım sonra ölkəmizin əsas informasiya agentliyi öz tarixi adını qaytardı: Azərbaycan Teleqraf Agentliyi – AZƏRTAC.

Agentliyin 90 illiyi münasibətilə nəşr edilmiş “AZƏRTAC-dan AZƏRTAC-a” kitabının materiallarından istifadə edilib.

AZƏRTAC barədə materialın məsləhətçisi Vüqar Əmrullayevdir

Vüqar ilk dəfə AZƏRTAC-a gələndə Biznes Universitetinin tələbəsi idi – lakin onun karyerası fotoqrafiya sənətinə bağlandı. O, Nyu-York Fotoqrafiya İnstitutunun diplomunu, “European Photographer” – Avropa Peşəkar Fotoqraflar Federasiyasının sertifikatını alıb, fotoları İTAR-TASS, “Associated Press”, “Reuters”-də dərc edilib. Hazırda Vüqar AZƏRTAC-ın fotoinformasiya baş redaksiyasının baş redaktorudur və agentliyin 100 illiyi barədə materialın hazırlanmasında onun bizə böyük köməyi olub.

Vüqar deyir: “Sevdiyin işlə məşğul olmaq böyük xoşbəxtlikdir: bu, insanı ruhlandırır, dünyaya başqa gözlə baxmağa imkan yaradır. Heç vaxt xəyalımdan keçməzdi ki, fotoqrafiya nə vaxtsa hobbimə və işimə - mənim üçün daimi ilham mənbəyinə çevriləcək. Mənim daha bir ilham mənbəyim – doğma Bakıya sevgimdir. Bu şəhərdə iki dünya - Şərq sirrləri və Qərb modernizmi birləşir”.

 Əbədi dəyər

Müstəqil Azərbaycanın xəbər agentliyinin işinin əsasını təşkil edən prinsiplər barədə AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti Aslan Aslanov danışır. Aslan müəllim AZƏRTAC-da 1992-ci ildən işləyir.

BAKU: Aslan müəllim, siz 30 ilə yaxındır ki, bu agentlikdə işləyirsiniz. Bu illər ərzində hansı əsaslı dəyişikliklər olub və hansı məsələlər sizin orada işlədiyiniz ilk gündə olduğu kimi qalıb? 

ASLAN ASLANOV: Agentliyin işi çox spesifikdir. Mən bunu qəzetdən oraya keçəndən dərhal sonra hiss etdim. İlk baxışda hər ikisi media qurumudur, lakin hər şey fərqlidir: Materialların dili və üslubu, təqdim edilmə forması, vəzifələr... İndi xəbərlərin hazırlanma və buraxılma sürəti əsaslı şəkildə dəyişib. İnformasiya texnologiyalarının jurnalistikaya nüfuz etməsini nəzərə alsaq, bu aydındır. İndi informasiyanı maksimum operativ şəkildə buraxmaq və eyni zamanda maksimal dərəcədə dəqiq olmaq lazımdır. Bizim müxbirlər mətni smartfonlarda yazır, bu qurğuların köməyi ilə video və fotomateriallar hazırlayırlar. Ola bilsin, bir-iki ildən sonra daha müasir texnologiyalar yaranacaq.

İnformasiyanın hazırlanması arxitekturası dəyişir, amma jurnalistikanın ənənələri dəyişməz qalır. Bu ənənələr o dövrdə də vardı, indi də var. Xəbər agentliyinin baza prinsipləri mötəbərlik, dürüstlük, qərəzsizlik və məsuliyyətdir. Bunlar olmasa, agentlik etibarsız informasiya mənbəyinə çevrilə bilər. Biz daim bu prinsipləri rəhbər götürəcəyik.

BAKU: Necə oldu ki, AZƏRTAC-a gəldiniz?

A.A.: Universiteti bitirəndən sonra Bakıda qalıb işləmək perspektivi məni o qədər də cəlb etmirdi. Mən doğulub boya-başa çatdığım Cəbrayıla qayıtmaq, imkan daxilində doğma diyarımın problemlərinin həllinə kömək etmək istəyirdim. Üstəlik, ailəmin də mənim köməyimə ehtiyacı vardı. Amma təyinatımı iri pambıqçılıq rayonlarından birinə verdilər. Avqustun əvvəlində təyinat yerimə gəldim. Gənc mütəxəssis kimi məni pis qarşılamadılar, lakin məlum oldu ki, bu rayonda yerli qəzetin müxbirləri də daxil, hamını pambıq yığımına cəlb ediblər. On gündən sonra biz tarlaya çıxdıq. Gündüz pambıq yığır, axşamlar isə material hazırlayır və qəzet buraxırdıq. Çətin, amma çox maraqlı günlər idi. 1990-cı illərin əvvəlində mən Bakıya qayıtdım, “Kommunist” qəzetində işləməyə başladım, oradan isə AZƏRTAC-a dəvət olundum.

BAKU: Agentlikdə işlədiyiniz ilk illər sizə nə verdi?

A.A.: Bu iş əsasən Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə onun fəaliyyətinin işıqlandırılması ilə bağlı idi. Mən Prezidentin səfərlərini işıqlandıran mətbuat qrupunun daimi üzvü idim. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə başçılıq etmiş, hələ Sovet dövründə respublikanın rəhbəri olmuş, Sov.İKP MK Siyasi Bürosunun tərkibinə seçilmiş, Sovet İttifaqı kimi fövqəldövlətin liderlərindən biri olmuş Heydər Əliyev kimi dahi insanla işləmək bilirsinizmi nədir? Bu, çox böyük məktəbdir. İnformasiyanın sanbalını və gücünü Heydər Əliyev hamıdan yaxşı bilirdi. O, informasiyanın cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu, ona necə təsir göstərdiyini yaxşı bilirdi.

Bir dəfə Heydər Əliyev mənə dedi ki, AZƏRTAC beynəlxalq informasiya platformalarına çıxmalı, OANA-nın üzvü olmalıdır. O dövrdə bizdə hətta media sahəsində də belə bir beynəlxalq təşkilatın mövcudluğundan xəbərdar olanlar az idi, Heydər Əliyev isə nəinki bunu bilir, həm də bu təşkilatda üzvlüyün zəruriliyini və vacibliyini başa düşürdü. 2004-ci ildə biz OANA-ya daxil olduq, 12 ildən sonra isə bu təşkilata rəhbərlik etdik.

BAKU: Sizin üçün xüsusilə yaddaqalan, dönüş nöqtəsinə çevrilmiş hadisələr olubmu?

A.A.: Yaxşı yadımdadır, 1993-cü il iyunun 10-da bizi AZƏRTAC-ın rəhbərinin yanında iclasa dəvət etdilər: O vaxt mən işə təzəcə qəbul edilmiş müxbir idim. Qızğın müzakirə gedirdi: məlum olmuşdu ki, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan Heydər Əliyev Bakıya gəlib və sabah Elmlər Akademiyasının Rəyasət Heyətində görüş keçirəcək. Qərara alındı ki, həmin görüşə fotomüxbir Oqtay Məmmədov və mən gedəcəyik.

İyunun 11-də Heydər Əliyev məşhur İsmailiyyə binasının qarşısında maşından çıxdı. Səmimi deyirəm, çox həyəcanlanmışdım, dilim söz tutmurdu. Həmin günlərdə yəqin ki, Azərbaycanın taleyi həll olunurdu. Heydər Əliyev ABŞ-ın və Böyük Britaniyanın ölkəmizdəki səfirləri ilə, sonra Akademiyanın Rəyasət Heyətinin üzvləri ilə görüşlər keçirdi. Bu görüşlər xeyli davam etdi. Sonra ümummilli lider Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu ilə görüşmək üçün Türkiyə səfirliyinə yollandı. Heydər Əliyev səfirliyə gələndən sonra foyedə biz jurnalistlərlə qısa söhbət etdi. O, gözlənilmədən məndən soruşdu: “Sən hansı təşkilatdansan? Görürəm səhərdən bizimləsən”. AZƏRTAC-ın əməkdaşı olduğumu biləndə dedi: “Baxa bilərəmmi nə yazmısan?”. Mən həyəcanlı halda öz bloknotumu ona verdim. Birinci informasiyanın sərlövhəsi belə idi: “Görkəmli dövlət xadimi Heydər Əliyev Amerika və Böyük Britaniya səfirləri ilə görüşüb”. Heydər Əliyev bu başlığı oxuyub təbəssümlə soruşdu: “Elə bilirsən sənin rəhbərlərin bu xəbəri buraxacaqlar?”. Bu anda səfir foyeyə çıxdı və Heydər Əliyevi öz kabinetinə dəvət etdi.

O gündən 2003-cü ilədək Heydər Əliyevin respublikada keçirdiyi görüş, qəbul və iclasların əksəriyyətini işıqlandırmağı, həmçinin xarici səfərləri zamanı agentliyin müxbiri kimi onu müşayiət etməyi mənə tapşırırdılar. Xoşbəxtəm ki, Heydər Əliyevin dünyanın görkəmli dövlət xadimləri ilə bəzən iki-üç saat davam edən görüşlərinin demək olar ki, hamısında iştirak etmişəm. Bunu unutmaq olmaz. Həmin on il ərzində mən demək olar ki, çox böyük nüfuzlu bir universitet – Heydər Əliyev universitetini bitirdim.

BAKU: AZƏRTAC kimi xəbər agentliyində işləmək üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır.

A.A.: Biz dövlət agentliyi kimi mötəbər olmağa borcluyuq. Bizim informasiyadan digər KİV-lər də istifadə edir, bizə həm Azərbaycandakı təşkilatlar, həm də xaricdəki tərəfdaşlarımız etibar edirlər. Mənim üçün dövlət agentliyində işləmək, ilk növbədə, fədakarlıq deməkdir.

Bir hadisə danışım. 1993-cü il dekabrın 19-dan 22-dək Heydər Əliyev prezident kimi Fransaya ilk səfərini etdi. Onun iş qrafiki çox gərgin idi, hər gün bir neçə görüş keçirirdi. Bu görüşlərin hər birindən informasiya hazırlamaq, buraxılmaq üçün Bakıya göndərmək lazım idi. O vaxt bugünkü texniki imkanlar yox idi, əl ilə yazırdıq. Mən gündüz görüşlərdə iştirak edir, gecə isə xəbərlər hazırlayırdım ki, səhər tezdən redaksiyaya çatdırım. Bundan sonra yeni görüşlər seriyası başlanırdı. Vaxtın necə keçdiyini hiss etmirdim. Üçüncü gün taqətdən düşdüm, ayaqlarım şişdi, amma mən buna əhəmiyyət vermədim: səfər davam edirdi. Biz vətənə qayıtmaq üçün təyyarəyə minəndə mən huşumu itirdim.

Özümə gələndə əvvəlcə nə baş verdiyini anlamadım. Sən demə həkim çağırıblar, o mənə müəyyən iynələr vurub. Bizim fotoqraf - bir otaqda qaldığımız Yaşar Xəlilov hamıya deyib ki, mən üç gecədir yatmıram. Nə isə, Bakıya qayıtdıq. Həmin gün axşam televiziyada xəbərlərə baxarkən bir də eşitdim ki, dövlət başçısının Fransaya səfərini yüksək peşəkar səviyyədə işıqlandırdığıma görə mənə Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatı verilib. Bu, mənim üçün gözlənilməz, amma, gizlətmirəm, çox xoş oldu. Mən bunu informasiya agentliyində nə dərəcədə fədakarlıq tələb olunduğunu göstərən əyani nümunə hesab edirəm. Bizdə işləyən şəxslər informasiyanın nəyə qadir olduğunu bilir, öz məsuliyyət dərəcəsini anlayır, iş naminə şəxsi həyatlarını ikinci plana keçirməyə hazırdırlar. Mənim fikrimcə, burada jurnalistikanı sevən, bu çətin, lakin çox maraqlı işə özünü bütünlüklə həsr edə bilən adamlar işləməlidirlər.

BAKU: “Bu gün AZƏRTAC...” cümləsini tamamlayın.

A.A.: AZƏRTAC mənim üçün və bizim bütün kollektiv üçün doğma evdir. Bu məsələyə milli mətbuatımızın tarixi prizmasından baxsaq, AZƏRTAC əsrin salnaməsidir. AZƏRTAC 1920-ci ildə Şərqdə ilk demokratik cümhuriyyətin birinci agentliyi kimi yaradılıb. O həmişə öz işini görüb. Respublika həyatının xronikasını yazıb. Əgər bu illər ərzində agentliyin bütün məlumatlarına baxmaq imkanı olsaydı, ötən əsrdə ölkəmizin həyatının mənzərəsi yaranardı. Yüz il ərzində agentlik öz işini bir dəqiqə də dayandırmayıb.

Yüzillik bir dəfə olur və bu məqamda keçilmiş yola nəzər salmaq lazımdır. İnamla deyə bilərəm ki, AZƏRTAC-ın inkişafı Heydər Əliyev hakimiyyətə gələndən sonra çox güclü impuls alıb. Prezident İlham Əliyev də ölkədə güclü, peşəkar media olmasında maraqlıdır. 2016-cı ilin noyabrında Bakıda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə dəstəyi ilə AZƏRTAC tərəfindən təşkil edilmiş Dünya Xəbər Agentliklərinin V Konqresi keçiriləndə dünyanın 100-dən çox xəbər agentliyinin nümayəndələri Azərbaycan paytaxtına gəlmişdi. Respublika tarixində heç vaxt bütün qitələrin aparıcı informasiya agentliklərinin bu qədər çoxsaylı nümayəndəsi ölkəmizə gəlməmişdi.

Dünya Xəbər Agentliklərinin həmin Konqresində bu quruma sədrlik üç il müddətinə AZƏRTAC-a keçdi. Zənnimcə, bu həm agentliyin tarixində, həm də ölkəmizin mətbuat tarixində ən mühüm hadisələrdən biri idi. Prezident İlham Əliyev həmin tədbirdə nitq söylədi, dünyanın ən iri informasiya agentliklərinin rəhbərlərini qəbul etdi. Sonra isə bu şəxslər mənimlə söhbət zamanı Prezidentlə ünsiyyətdən çox məmnun olduqlarını bildirdilər.

Heydər Əliyev bizim qarşımızda beynəlxalq informasiya məkanlarına çıxmaq vəzifəsi qoymuşdu. Bu, ölkə üçün strateji əhəmiyyətli məsələ idi: 1990-cı illərin əvvəlində Azərbaycanın informasiya baxımından xaricə çıxmaq imkanı yox dərəcəsində idi. İndi isə baxın – Dünya Xəbər Agentlikləri Şurasının səsvermə hüququna malik 13 üzvündən biri AZƏRTAC-dır. 2016-cı ildən 2019-cu ilədək AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya rəhbərlik edib. Dünya tarixində ilk dəfə idi ki, bir agentlik eyni vaxtda dünyanın iki iri informasiya təşkilatına rəhbərlik edirdi. Bizim təşəbbüsümüzlə hər iki təşkilatın nizamnamələri təkmilləşdirilib, onların mövqelərini gücləndirən bir sıra təkliflər irəli sürülüb. Çox xoş idi ki, Livan, İran və Səudiyyə Ərəbistanının informasiya nazirləri, Küveyt və Vyetnamın baş nazirləri, Koreya Respublikasının Prezidenti ilə görüşlərdə onların hamısı bu beynəlxalq təşkilatların inkişafına AZƏRTAC-ın töhfəsi barədə müsbət fikir söylədilər.

İndi AZƏRTAC səkkiz regional və beynəlxalq informasiya təşkilatının üzvüdür, onların əksəriyyətində icra orqanlarında təmsil olunub. Məsələn, biz 57 üzvü olan İslam Əməkdaşlıq Təşkilatı İnformasiya Agentlikləri Birliyinin İcraiyyə Komitəsinə daxilik. 48 agentliklə rəsmi tərəfdaşlıq sazişimiz var: biz həmin agentliklərlə müntəzəm informasiya mübadiləsi aparır, öz xəbərlərimizi beynəlxalq informasiya məkanlarında yayırıq.

Bu gün AZƏRTAC səkkiz dildə xəbərlər, beş dildə videoxəbərlər buraxır. Bu da regionda ilk dəfədir. Hesab edirəm ki, biz öz yubileyimizi sanballı nailiyyətlərlə qarşılayırıq.

Obyektivlə yazılan tarix

AZƏRTAC-ın böyük fotomüxbiri, Azərbaycanın “Əməkdar mədəniyyət işçisi” İlqar Cəfərov beynəlxalq foto müsabiqələrdə 100-ə yaxın mükafata layiq görülüb. Bu il İ.Cəfərov iki yubileyi qeyd edəcək: Özünün 60 illiyini və agentlikdə işləməsinin 30 ilini.

İlqar Cəfərov tanınmış sənətkar və çox təvazökar insandır. Deyir ki, mükafat və təltiflərə layiq görülmək, əlbəttə xoşdur, lakin arxayınlaşmağa əsla əsas vermir. Onun üçün hər bir çəkiliş – istər idman yarışları, istər şəhərdən reportaj, istərsə də hərbi xronika – məsuliyyət, diqqətcillik və ən başlıcası dürüstlük tələb edən işdir. 

Gələcək fotomüxbir Gəncədə doğulub, orada boya-başa çatıb. Fotoqrafiya ilə uşaqlıq illərindən maraqlanırdı, lakin Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu “mühəndis-mexanik” ixtisası üzrə bitirib. Beş il layihə bürosunda işləyəndən sonra Moskvaya gedib, orada SSRİ Jurnalistlər İttifaqının fotomərkəzi yanında fotojurnalistika fakültəsinə daxil olub. “Azərinform”un fotomüxbiri vəzifəsində işləməyə başlayanda Cəfərovun 30 yaşı yox idi. Həmin vaxtdan 30 il keçib, o isə hər gün ölkədə baş verənlərin fotoşəklini çəkməkdə davam edir.

BAKU: İlqar müəllim, siz AZƏRTAC-a ölkə üçün keçid dövründə - 1990-cı ildə gəlmisiniz. Sizə verilən ilk tapşırığı xatırlayırsınızmı?

İLQAR CƏFƏROV: Bu, həqiqətən gərgin dövr idi. Həm respublikada, həm də onun hüdudlarından kənarda iğtişaşlar baş verirdi. O vaxt agentlik hələ SİTA-nın (TASS) bölməsi idi. Buna görə də bizim foto müxbirlərin işləri həm respublika mətbuatında, həm də ittifaq əhəmiyyətli qəzet və jurnalların səhifələrində dərc edilirdi. Hər şey mənim üçün maraqlı idi: həm janrlı çəkiliş, həm mədəni və idman tədbirlərindən çəkilişlər. Mənə verilmiş birinci tapşırıq Tofiq Bəhramov adına mərkəzi stadionda SSRİ çempionatının futbol matçından çəkilişlə bağlı idi. “Neftçi” oynayırdı. Deyə bilmərəm ki, hər şey dərhal yaxşı alındı. İdman çəkilişləri xüsusi janrdır: burada çox diqqətli və demək olar ki, laqeyd tamaşaçı olmaq, eyni zamanda, hər an sayıq olmaq lazımdır ki, xoşbəxt məqamı əldən verməyəsən.

BAKU: Fotomüxbirin vəzifəsi aydındır – tarixi məqamı qeydə almaq, hadisəni bircə kadrda əks etdirmək. Bu o deməkdirmi ki, reportyor rəssam ola bilməz?

İ.C.: Tarixi məqamı maraqlı və peşəkar səviyyədə qeydə almaq üçün lazımi anda lazımi yerdə olmaq və bunu hansı obyektivlə çəkməyin daha yaxşı olduğunu dəqiq bilmək azdır. Bütövlükdə fotoqrafiya sənətinin tarixini anlamaq çox vacibdir. Əks-təqdirdə heç nə alınmayacaq. Fotomüxbir müəyyən mənada, əlbəttə, rəssam olmalıdır, çünki o, həyatın rənglərini bir kadrda toplayır. Vəziyyəti dərhal və düzgün qiymətləndirmək üçün təcrübə lazımdır. Əlbəttə, yaxşı fotomüxbir dünyada baş verənlərdən xəbərdar olmalı, daim dünya mətbuatında dərc edilən fotoları təhlil etməli, bu sahədə meyilləri izləməli, fotosərgilərə və bədii sərgilərə getməlidir. Yalnız bu yolla peşədə öz yerini tapmaq mümkündür.

BAKU: Siz tarixi məqamların fotoşəklini çəkəndə düşünürdünüzmü: “Mən tarix yazıram?”

İ.C.: Mənim fikrimcə, “tarix obyektivlə yazılır” ifadəsi həmişə aktualdır. Lakin fotoşəkillərin tarixdə əhəmiyyətini yalnız zaman keçdikcə başa düşürsən. Ümumiyyətlə, əlində fotoaparat tutmuş vəziyyətdə iştirakçısı olduğun bu və ya digər hadisənin nə qədər əhəmiyyətli olmasını yalnız illər keçəndən sonra başa düşürsən. Fotoqrafiya müəllifin qəlbində həmişə iz qoyur, lakin tamaşaçıların və peşəkarların ən yüksək qiymətinə o fotoşəkillər layiq görülür ki, sən onlara qəlbini qoyursan, şəxsi münasibətini bildirirsən. Fotojurnalist real, bəzək-düzəksiz həyatı göstərir, lakin bu zaman hökmən öz baxışını, öz mövqeyini, hadisələrə öz münasibətini bildirir.

BAKU: Milli informasiya agentliyinin fotomüxbiri üçün çox qapılar açıqdır. Elə hallar olubmu ki, fotoşəkil çəkməyi qadağan ediblər, amma kadrların çəkilməsi lazım idi?

İ.C.: 1992-ci ilin fevral ayı, Xocalı faciəsi. Mən hadisə yerində fotoşəkillər çəkdim, sonra isə ağır yaralıları paytaxt xəstəxanalarına aparan Ağdam-Bakı qatarına mindim. Qatarı təcili yardım maşınları qarşıladı. Mən insanların qatardan təcili yardım maşınlarına necə daşındığını çəkməyi qərara aldım, lakin mülki geyimli şəxslər dərhal mənə yaxınlaşıb vəsiqəmi əlimdən aldılar, fotoşəkil çəkməyi qadağan etdilər. Mən bir kənara çəkildim, hasara dırmaşdım və Ağdamdan gələn qatarı qarşılayan təcili yardım karetalarının şəklini çəkdim. Bu kadrda hər şey görünürdü – qatar da, vağzal da, təcili yardım maşınları da. Vəsiqəmi sonradan mənə qaytardılar, lakin heç bir insanın olmadığı, yalnız maşınların göründüyü kadr sonradan həm bizim, həm də xarici ölkələrin kütləvi informasiya vasitələrində dərc edildi.

BAKU: Sizin Qarabağ müharibəsi dövründə çəkdiyiniz məşhur bir seriya var: “Fəryad və ya uğursuz uşaqlıq”. Bu silsilədəki fotoların birində qızcığaz qulaqlarını qapayaraq qışqırır. Həmin fotoşəkli çəkən anda sizdə bir daxili dilemma vardımı? Emosiyaları çəkmək, yoxsa uşağı sakitləşdirmək?

İ.C.: O qışqıran qızcığaz təsadüfi kadrdır. 1993-cü ildə Ağdam yaxınlığında çəkmişəm. Faciəli günlər idi, insanlar evlərini tərk edib gedirdilər. Mən obyektivi əyləşmiş uşağa tərəf tuşlayanda o birdən qulaqlarını tutaraq qışqırdı, ağladı. Anası qaçıb gəldi və mənə izah etdi ki, atışma səslərindən qorxub, obyektivi görəndə düşünüb ki, bu da silahdır. Mən qızcığaza yaxınlaşdım, onu sakitləşdirdim, bir qədər söhbət etdim.

Mən həmişə belə hesab etmişəm, indi də hesab edirəm ki, insan ilk növbədə öz vicdanı qarşısında cavab verməlidir. “Şəkil çəkmək” və “insana kömək etmək” arasında seçim yoxdur. Bir kadrı çəkmək üçün münasib məqamı əldən vermək olar, lakin əgər insanın köməyə ehtiyacı varsa, sən ona kömək etməyə borclusan.

BAKU: Dərdli və əziyyət çəkən insanı görəndə necə sakit qala bilirdiniz?

İ.C.: Başqasının ağrısını görəndə onun halına acımamaq, sakit və laqeyd qalmaq mümkün deyil. Sən istər-istəməz özünü həmin adamların yerinə qoyursan, onlarla bərabər iztirab çəkirsən. Bir dəfə mən müharibədə balaca uşaqlarını itirmiş bir ailənin şəklini çəkirdim. Əgər o vaxta qədər mənə desəydilər ki, insanı dayandığı yerdə başdan-ayağa tər basa bilər, buna inanmazdım. Lakin eybəcər hala salınmış cəsədləri görəndə məni bir anda tər basdı, fotoşəkli çəkə bilmədim, kameranı qaldıra bilmədim. Bir kənara çəkildim... Sonra təzədən o yerə yaxınlaşdım, çünki başa düşürdüm: başqalarının bunu görməsi üçün bu şəkli çəkmək lazımdır.

BAKU: Yəqin ki, sonralar “dinc dövrə aid” şəkilləri çəkmək asan oldu?

İ.C.: Yox, adi çəkiliş olmur, hətta “dinc dövrə aid” şəkillərə də məsuliyyətlə yanaşmaq, öz işini vicdanla görməyin lazımdır. Hər hansı fotoşəklin çəkilməsi diqqətli olmağı, işə peşəkar yanaşmağı tələb edir.

BAKU: AZƏRTAC-da işlədiyiniz 30 il ərzində texnikadan başqa ən çox dəyişən nə olub?

İ.C.: Hər halda texnika barədə danışmamaq olmaz. Mən on yaşında ikən fotoşəkil çəkməyə başlamışam. O vaxt atam mənə “Smena-8” adlı fotoaparat hədiyyə etmişdi. Düz on beş il fotomüxbir kimi plyonka ilə işləmişəm və eyni müddətdir ki, zrəqəmsal fototexnika ilə işləyirəm. Rəqəmsal texnologiyalar inkişaf etdikcə, əlbəttə çox şey dəyişib. Son nəticənin alınması prosesi sadələşib, hadisə yerindən çəkilmiş materialların redaksiyaya çatdırılması sürəti artıb. Bunun sayəsində fotoqrafiya işi kütlələr üçün daha əl çatan olub. Dəyişməyən təkcə mənim fotoqrafiya sənətinə sevgimdir: Mən hər gün ustalığımı təkmilləşdirmək üzərində işləyirəm. Bu, elə peşədir ki, onu həyatın boyu öyrənirsən, işləyirsən və nə isə təzə bir şey tapırsan. Səmimi deyirəm, mən hələ özümün ən yaxşı kadrımı çəkməmişəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 26-da 4 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub