REGİONLAR
“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində bu günədək 250 ton quru tütün istehsal edilib
Zaqatala, 29 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC-nin bu il istifadəyə verilən tütünqurutma məntəqəsində fermerlərdən yaş tütünün qəbulu davam edir. İndiyədək məntəqəyə istehsalçılardan 3870 ton yaşıl tütün kütləsi daxil olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Zaqatala AGRO İndustry” MMC-dən məlumat verilib.
Qurumdan bildirilib ki, cəmiyyət tərəfindən builki mövsümdə Zaqatala rayonunda 300 hektar, Qaxda 365 hektar, Şəkidə 35 hektar olmaqla, ümumilikdə, 700 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Tütün istehsalı ilə bağlı bu rayonlarda 54 fermerlə müqavilə bağlanılıb. Bu günədək emal məntəqəsinə Qax rayonunun fermerləri 1961 ton, Zaqatala fermerləri 1597 ton, Şəki fermerləri isə 312 ton yaşıl tütün kütləsi təhvil veriblər.
Hazırda emal məntəqəsində 118 kameraya qurudulmaq üçün yaş tütün qoyulub. Hər kameraya bir dəfəyə 5-6 ton yaşıl tütün kütləsi yerləşdirmək mümkündür. Tütünün qurudulması prosesi 7-8 gün çəkir. Hər gün məntəqəyə orta hesabla 30-40 ton yaşıl tütün kütləsi daxil olur. Bu günədək emal məntəqəsində 250 ton quru tütün istehsal olunaraq anbara yığılıb.