Zaqatalanın seçki məntəqələri səsvermə gününə hazırdır
Zaqatala, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərinə bir həftə vaxt qalıb. Respublikamızın hər yerində olduğu kimi, Zaqatala rayonunda fəaliyyət göstərən 110 və 111 saylı seçki dairələrinin məntəqə seçki komissiyalarında da ölkəmizin ictimai-siyasi həyatı üçün mühüm əhəmiyyət daşıyan bu məsul kampaniyaya hazırlıq işləri mütəşəkkil qaydada başa çatıb. Bütün seçki məntəqələri səsvermə gününə tam hazır vəziyyətdədir.
AZƏRTAC-ın bölgə müxbiri hər iki dairənin seçki məntəqələrində olub, məntəqə seçki komissiyalarının fəaliyyəti ilə maraqlanıb.
110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasının sədri Fikrət Mustafayevin verdiyi məlumata görə, dairənin tərkibinə daxil olan 47 seçki məntəqəsi üzrə 47 min 360 seçici qeydə alınıb. Onlardan 1020 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 920 nəfəri 80-100 yaş arasında, 4 seçicinin yaşı isə 100-dən yuxarıdır. İndiyədək 480 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
Dairənin tərkibində olan 34 saylı seçki məntəqəsi Çobankol kənd tam orta məktəbin binasında yerləşir. Məntəqə seçki komissiyasının sədri Qönçə Ömərova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, məntəqə üzrə 1246 seçici qeydə alınıb. Səsvermənin vaxtı və yeri barədə bildirişlərin seçicilərə paylanılması işi artıq başa çatıb. Məntəqə üzrə qeydə alınan ən yaşlı seçici - 1900-cü il təvəllüdlü Fadimət Əsgərova da səsvermədə iştirak etmək arzusundadır. Bu məqsədlə ailəsi tərəfindən məntəqə seçki komissiyasına müraciət də olunub. Səsvermə günü Fadimət nənənin yaşadığı evə daşınan seçki qutusu göndəriləcək.
111 saylı Zaqatala-Balakən seçki dairəsinin tərkibinə daxil olan 44 seçki məntəqəsinin 29-u Zaqatalada, 15-i isə Balakən rayonunda yerləşir. Dairə seçki komissiyasının sədri Söhrab İsmayılov bildirib ki, dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 46 min 359 seçici qeydə alınıb.
Dairənin tərkibində olan 2 nömrəli seçki məntəqəsi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialının binasında yerləşir. Bu məntəqədə də prezident seçkisinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün hər cür şərait yaradılıb. Məntəqə seçki komissiyasının sədri Cümşüd İsmayılov bildirib ki, məntəqə üzrə 1197 seçici qeydə alınıb. Onlardan 10 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Məntəqə üzrə yaşlı və səhhətində problemləri olan seçicilərin də siyahısı çıxarılıb. Müraciət olunarsa, onların evlərinə daşınan seçki qutusu göndəriləcək. Məntəqədə səs verəcək ən yaşlı seçici Cəlal Mazanovun 80 yaşı var. O, əvvəlki seçki kampaniyalarında olduğu kimi, bu seçkilərdə də şəxsən iştirak etməyi düşünür.