CƏMİYYƏT
Zaur Əliyev: Gələcəkdə Azərbaycan vətəndaşları icbari tibbi sığortadan Türkiyədə də yararlana biləcəklər
Bakı, 8 fevral, AZƏRTAC
Ötən ilin noyabrında Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikası Sosial Müdafiə Qurumu arasında Anlaşma Memorandumu imzalanıb. Üçillik Anlaşma Memorandumun nəticəsində aramızdakı əməkdaşlığı daha da gücləndirmək, Türkiyənin təcrübəsindən faydalanmaq, gələcəkdə bizim sığortalarımızın qarşılıqlı tanınması istiqamətində işlər aparılacaq. Türkiyə vətəndaşları Azərbaycanda öz sığortasından istifadə edə biləcək, Azərbaycan vətəndaşları da Türkiyədə icbari tibbi sığortadan yararlana biləcəklər.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
Z.Əliyev bildirib ki, iki qurum arasındakı fəaliyyət planı üçillikdir: "Hər il üçün müəyyən istiqamətlər üzrə planlar qurulub. Bu ilin planı əsasən icbari tibbi sığortanın maliyyələşdirilməsi və informasiya texnologiyalarının tətbiqidir. Üç gün ərzində bu istiqamətdə Türkiyənin Sosial Müdafiə Qurumunun əməkdaşları ilə sıx işləyəcəyik".