MƏDƏNİYYƏT
“Zemlyane” qrupu müştərək konsert proqramına hazırlaşır
Bakı, 15 iyul, AZƏRTAC
Rusiyanın tanınmış “Zemlyane” qrupunun klassik heyəti bu vaxta qədər qrupda fəaliyyət göstərmiş ifaçılarla bərabər müştərək konsert proqramı üzərində işləyəcək.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə kollektivin bədii rəhbəri və eks zərbçisi Vladimir Kiselyov məlumat verib.
“Təəssüflər olsun ki, özlərini “Zemlyane” qrupunun musiqiçiləri adlandıran “Leytenant Şmidtin övladları” həddindən artıq çoxdur. Konsert proqramına yalnız bu brend altında son 10 il ərzində çıxış etmiş ifaçılar daxil ediləcək. Biz rok qruplarını bir daha düşünməyə çağırırıq, onların özlərini belə adlandırmağa haqqı çatırmı? Tək dostum İqorun bizim üçün yazdığı mahnılar konsertin müddətini 2 saata qədər artırmağa kifayət edir”, - deyə V.Kiselyov bildirib.
Qeyd edək ki, “Zemlyane” qrupu özünün pik nöqtəsinə ötən əsrin 80-ci illərində çatıb. O zamanlar qrup, sovet estrada səhnəsində ilk dəfə olaraq rok musiqisi ifa edənlərdən biri idi. “Arzuna inan”, “Yer, məni bağışla”, “Kaskadyorlar”, “Evin qarşısındakı çəmənlik” kompozisiyaları indi kollektivin vizit kartına çevrilib.