ELM VƏ TƏHSİL
“Zəngi” liseyində bu il uğur qazanan şagirdlərlə görüş olmuşdur
Bakı, 23 aprel (AZƏRTAC). Bakının Nizami rayonunda yerləşən “Zəngi” liseyində bu ilin ötən dövrü ərzində müxtəlif yerli və beynəlxalq yarışlarda, olimpiadalarda fərqlənən, medal və diplomlara layiq görülən şagirdlərlə görüş keçirilmişdir.
Liseydən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən “Zəngi” liseyi Valideyn-Müəllim Assosiasiyasının prezidenti Vüqar Rəhimzadə demişdir ki, ötən tədris ili ümumilikdə lisey üçün uğurlu olmuş, əlamətdar hadisələrlə yadda qalmışdır. Artıq bir neçə ildir ki, Bakı şəhərində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ” Öyrətim Şirkəti və “İNEPO-AVRASİYA” Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Layihə Olimpiadası keçirilir. Bu il də aprel ayının 6-7-də dünyanın müxtəlif ölkələrini təmsil edən şagirdlər bu yarışda iştirak etmək üçün növbəti dəfə Bakıya toplaşdılar. 42 ölkədən 400-ə qədər şagird olimpiadada iştirak etmək hüququ qazanmışdır.
V.Rəhimzadə vurğulamışdır ki, xarici ölkələrdən Olimpiadaya təqdim edilən 350 layihədən 130-u, Azərbaycan daxilindən isə 294 layihədən 60-ı münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir. Nəticədə Azərbaycan bu yarışda 4 qızıl, 12 gümüş və 17 bürünc medal qazanmışdır. Sevindirici haldır ki, qaliblər arasında “Zəngi” liseyinin şagirdləri də olmuşdur. Mən onları təbrik edirəm və bundan sonra olimpiadada məktəbimizi təmsil edəcək qaliblərin sayının artacağına inanıram.
Qeyd edək ki, “Zəngi” liseyinin şagirdləri Fidan Abdullayeva və Rauf Rəhimzadə olimpiadada “Şərq fıstığının ekoloji sirləri” mövzusunda mükafatçılar sırasına daxil olmuşlar. Sonra digər sahələr üzrə qalib adını qazanan şagirdlərin adları açıqlanmışdır. Məktəbin şagirdi Vüsalə Babayevanın 2011-ci ildə Bolqarıstanda keçirilmiş musiqi festivalının “Qran Pri” mükafatına layiq görüldüyü bildirilmişdir. Ona görə də onun adı dövlət başçısının imzaladığı sərəncama əsasən gənc istedadlara xüsusi təqaüdlərin verilməsi siyahısına daxil edilmişdir.
Mərasimdə respublika fənn olimpiadalarında qalib gələn şagirdlərin də adları açıqlanmışdır. Aytac Dəmirçibəyli biologiya fənni üzrə I, Adil Rəşidli riyaziyyat fənni üzrə III, Səlim Rəhimzadə Azərbaycan dili fənni üzrə IV yerə layiq görülmüşlər. Nigar Nəcəfova isə olimpiadanın şəhər turunun qalibi olmuşdur.
Bu il “Şahinlər” hərbi-idman oyunlarında liseyin komandası uğurla iştirak etmişdir. Mərasimdə komandanın üzvlərinə hədiyyələr təqdim olunmuşdur.
Liseyin şagirdi Səadət Zəkiyeva isə yazıçı Mirzə İbrahimovun və Mirzə Ələkbər Sabirin yubileyinə həsr edilmiş inşa müsabiqələrində çıxış edərək respublika üzrə üçüncü yerə layiq görülmüşdür. Digər şagirdlər Ramin Quluzadə və Vüqar Hacıyev isə 12 Aprel Kosmonavtika gününə həsr edilmiş təqdimat müsabiqəsində ən yaxşı təqdimat hazırladıqlarına görə təltif olunmuşlar. İstedadlı şagirdlərdən biri Kamran Məmmədov isə Ankara şəhərində keçirilmiş cüdo yarışında ikinci yeri qazanmışdır. Bütün bu uğurları “Zəngi” liseyi 2011-2012-ci illərdə əldə etmişdir.
Tədbirdə çıxış edən “Zəngi” liseyinin direktoru Bayram Heydərov və bəzi fənn müəllimləri məktəbin kollektivinin əldə etdiyi uğurlardan, qarşıda duran vəzifələrdən danışmışlar. Sonda məktəb şagirdlərinin ifasında maraqlı musiqi nömrələri səsləndirilmişdir.