REGİONLAR
Qazax sakini üzüm bağını qurd-quşdan necə qoruyur VİDEO
Qazax, 10 oktyabr, Famil Quliyev, AZƏRTAC
Qazax sakininin hazırladığı qurğu bir çoxlarının, xüsusən də təsərrüfatla məşğul olanların diqqətini cəlb edir. Xanlıqlar kənd sakini Tahir Qurbanov üzüm sahəsini qurd-quşdan qorumaq üçün dədə-babalarımızın istifadə etdiyi üsulu müasirləşdirib. Belə ki, məftilə bağlanmış dəmir qabların səs çıxarması elektriklə idarə olunur. Bu üsul nəinki quşların, həmçinin yırtıcı heyvanların da əraziyə yaxınlaşmasının qarşısını ala bilir. Qurğu iki dəqiqədən bir hərəkət edir.
Tahir Qurbanov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Qurğu avtomobilin şüşəsiləni və akkumlyatorun köməyi ilə hərəkətə gətirilir. Mövsüm vaxtı qurd-quşun məhsula ziyan vurmaması üçün yaxşı vasitədir. Qurğunu düzəltdikdən sonra əraziyə, demək olar, bir dənə də olsun heyvan, quş yaxınlaşmır”.
Üzüm bağı yol kənarında olduğu üçün buradan ötüb-keçənlər qurğunu maraqla izləyir. Hətta bəzi fermerlər bu texnikadan yararlanmaq fikrinə də düşüblər.
Təsərrüfata çəkilən xərcləri minimuma endirmək üçün Tahir Qurbanov başqa vasitələrə də əl atıb. Soyuducu anbarlara çox pul xərcləməsin deyə, evində mini anbar tikib. Az enerji işlətdiyindən anbardan yaxınlıqdakı təsərrüfatçılar da istifadə edirlər. Bunun müqabilində isə sərf edilən elektrik enerjisinin pulunun ödənilməsinə şərik olurlar.