REGİONLAR
Qubada Abbasqulu ağa Bakıxanovun və Nikolay Kopernikin barelyeflərinin açılışı olub VİDEO
Quba, 26 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Quba şəhərindəki 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseydə Azərbaycan alimi və tarixçisi Abbasqulu ağa Bakıxanov və polyak riyaziyyatçısı, astronomu Nikolay Kopernikin barelyefləri qoyulub.
AZƏRTAC xəbər verir ki, oktyabrın 26-da Polşanın Lyublin şəhərini təmsil edən nümayəndə heyəti və Quba Rayon İcra Hakimiyyəti rəsmilərinin iştirakı ilə barelyeflərin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan-Polşa əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayaraq, dostluq münasibətlərinin tarixindən danışıblar. Bildirilib ki, XIX və XX əsrlərdə Azərbaycanın Polşa ilə siyasi, iqtisadi, hərbi və digər sahələrdə əlaqələrinin qurulmasında ayrı-ayrı şəxslər də mühüm rol oynayıb. Bu sırada Abbasqulu ağa Bakıxanovunun adını xüsusi çəkmək lazımdır.
Polşa nümayəndə heyətinin rəhbəri Pavel Pikula bildirib ki, Azərbaycan aliminin xatirəsi ölkəsində ehtiramla anılır. Bu il iyulun 9-da Beljıtse şəhərində yerləşən N.Kopernik adına məktəbdə Abbasqulu ağa Bakıxanov və Nikolay Kopernikin şərəfinə birgə xatirə lövhəsinin açılışı olub.
Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə polşalı qonaqlara rayonun təbiəti, yerli əhalinin etnik tərkibi, adət-ənənələri və burada aparılan quruculuq işləri barədə ətraflı məlumat verib.
Polşalı qonaqlar beş günlük səfər çərçivəsində Quba Soyqırımı Memorial Kompleksi, dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı Qəsəbə, “Cümə” məscidi, Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, “Qədim Quba” xalçaçılıq müəssisəsi, habelə rayondakı turizm obyektləri, muzeylər, parklar, müasir infrastruktur layihələri və istehsal müəssisələri ilə tanış olacaqlar.