REGİONLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Daşkəsəndə fəal qadınlarla görüşüb
Daşkəsən, 16 aprel, Rauf Hacıyev, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Daşkəsəndə rayonun fəal qadınları ilə görüşüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə yüzədək qadın iştirak edib.
Əvvəlcə komitə sədri Hicran Hüseynova dövlətin ailə, qadın və uşaq siyasətindən danışıb, son illərdə bu istiqamətdə görülmüş işlər haqqında məlumat verib.
Qadınların təhsil almasının vacib olduğunu vurğulayan komitə sədri bildirib ki, savadlı qadınların sayının çoxluğu gələcəkdə cəmiyyətdə bir sıra xoşagəlməz halların qarşısını əvvəlcədən alır. Məhz bu cür qadınlar aldıqları təhsillə həm cəmiyyətdə müəyyən mövqeyə sahib ola bilir, həm də övladlarının təlim-tərbiyəsində və onların dövlətə layiqli vətəndaş kimi yetişməsində mühüm rol oynayırlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyət istiqamətlərindən danışan Hicran Hüseynova bildirib ki, komitə sağlamlıq imkanları məhdud uşaqların müalicəsində, erkən nikah və boşanmalardan yaranan problemlərin təhlilində və həllində, imkansız ailələrin müvafiq istiqamətdə təminatında, uşaq hüquqlarının müdafiəsində, məişət zorakılığına məruz qalma və sair məsələlərə dair mühüm layihələr həyata keçirib.
Komitənin sədri, eyni zamanda, erkən nikah halları, uşaqların təhsildən yayınması, sakinlərin, xüsusən də qadınların rayonlarda və ucqar kəndlərdə məşğulluq məsələləri, qadın sahibkarlara dəstək, qadınlar arasında biznes fəaliyyətinin təşviq edilməsi məsələləri və digər mühüm mövzulardan da söz açıb.
Sonda qadınlarla müzakirələr aparılıb, suallar cavablandırılıb.