İQTİSADİYYAT


 “Bakı Telefon Rabitəsi” MMC “Evədək internet” layihəsinin ikinci mərhələsini reallaşdırır

Bakı, 18 aprel, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan "Evədək internet" layihəsinin ikinci mərhələsini reallaşdırır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görülən işlər çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Daha geniş multimedia xidmətlərindən yararlanması üçün istifadəçilər pulsuz internet avadanlıqları ilə təmin olunurlar. Bu da daha çox insanın bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadəsi üçün imkan yaradır.

Həyata keçirilən işlər müasirtipli yaşayış kompleksləri ilə yanaşı, mövcud 9 mərtəbəli binaları da əhatə edir. Hazırda paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsi, Lökbatan qəsəbəsi və “Qobu Park” yaşayış kompleksində, eləcə də Xətai və Yasamal rayonlarında rekonstruksiya işləri aparılır. Bu istiqamətdə tədbirlər mərhələli şəkildə digər əraziləri də əhatə edəcək. İlin sonunadək 144 minlik infrastrukturun yaradılması nəzərdə tutulur. Beləliklə, “Baktelecom” 75 min mənzilin optik şəbəkəyə texniki keçidini təmin edəcək.

Bakıda multimedia xidmətlərinin müasir standartlara uyğun təşkilinə imkan verən “Evədək internet” layihəsi GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır. Texnologiya fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma, kəsintisiz internet, videonəzarət və digər interaktiv xidmətləri istifadəçilər üçün əlçatan edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.