CƏMİYYƏT
İmişli regional ədliyyə idarəsi Beyləqan rayonunda seminar keçirib
Bakı, 19 iyun, AZƏRTAC
Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə iyunun 19-da Beyləqan şəhərində rayonun bələdiyyə sədrləri və qulluqçuları üçün seminar keçirilib.
İdarədən AZƏRTAC-a bildiriblər ki, seminarı giriş sözü ilə açan İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov bələdiyyələrin inkişafı ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə İş Mərkəzi və regional ədliyyə idarələrinin bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində gördüyü işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
İmişli regional ədliyyə idarəsinin əməkdaşları İlkin Savalan və Vəli Nuriyev “Yerli özünüidarəetmədə etik davranış”, “Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması”, “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Bələdiyyə torpaqlarının mühafizəsi”, “Bələdiyyə torpaqlarının idarə edilməsində qanunçuluğun təmin edilməsi” və “Qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Seminarda İmişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda İmişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov seminar-müşavirəyə yekun vuraraq qarşıda duran vəzifələri bələdiyyə nümayəndələrinin diqqətinə çatdırıb.